Baydenlə F-16-ları müzakirə edəndə o, bizə Yunanıstanla bağlı bir şərt qoymamışdı. Əksinə, görüş zamanı dedik ki, NATO üzvü olan ölkələr olaraq bir-birimizin haqlarını qorumalıyıq.

İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərinə dair açıqlamasında bildirib.

Ərdoğan bildirib ki, Bayden F16-lar haqqında "Əlimdən gələni edəcəm" dedi: “Təəssüf ki, hazırda Nümayəndələr Palatasında bu işə az da olsa, qarşı çıxanlar var. Mövcud proseslərə nəzər saldıqda, məncə, bu, bizim üçün məcburi şərt deyil. F16-larla bağlı təklifimizə bəli deməkləri, bizə “sıfır” F16 vermələri yetərlidir. Biz artıq əlimizdə olanların qulluq və təmirini həyata keçirə bilirik. Bununla bağlı heç bir problemimiz yoxdur. Amma təbii ki, bizim ehtiyat hissələri ilə bağlı müəyyən tələblərimiz var. Onlar bu tələbimizi də yerinə yetirməyə qərar veriblər”.

Ərdoğan: ABŞ Fərat çayının şərq hissəsini tərk etməlidir, yeni antiterror əməliyyatı gündəmdədir

ABŞ Fərat çayının şərq hissəsini tərk etməlidir. Bu, Astana prosesindən çıxan nəticədir. Çünki oradakı terror təşkilatlarını bəsləyən Amerikadır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərinə dair açıqlamasında bildirib.

O qeyd edib ki, Türkiyənin milli təhlükəsizlik problemləri həll olunmadığı müddətcə Suriyanın şimalında yeni bir əməliyyat gündəmdə qalmaqda davam edəcək.

Ərdoğan: Yaxın günlərdə Ukrayna taxılının çıxarılması ilə bağlı plan həyata keçiriləcək

Rusiya-Ukrayna müharibəsində hazırda bizim rolumuz görüşlərə ev sahibliyidir. Ev sahibi qismində vasitəçilik rolumuz var.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərinə dair açıqlamasında bildirib.

O qeyd edib ki, ölkəsi uzun müddətdir ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üçün işlər görür: “Mən bu məsələni bir neçə dəfə cənab Putin və cənab Zelenski ilə müzakirə etmişəm. Xarici İşlər və Milli Müdafiə nazirlərimiz də həmkarları ilə görüşlər keçiriblər. Nəticədə ötən həftə İstanbulda keçirilən texniki iclasda BMT-nin planı çərçivəsində prosesin əsas xətləri ilə bağlı razılıq əldə olunub. İndi bu həftə biz bu razılaşmanı yazılı mətnlə təsdiqləmək istəyirik. Ümid edirik ki, yaxın günlərdə planı həyata keçirməyə başlayacağıq”.

Ərdoğan əlavə edib ki, ixrac prosesi İstanbulda yaradılacaq koordinasiya mərkəzindən həyata keçiriləcək. Mərkəzdə Türkiyədən əlavə, Rusiya, Ukrayna və BMT rəsmiləri iştirak edəcək.

.