Svetoforda maşın şüşəsi silənlər, çimərlikdə qarğıdalı satanlar, mağazalarda satıcılıq edənlər... Siyahını uzatmaq da olar. Son illər Azərbaycanda uşaq əməyindən istifadə edilən sahələr o qədər artıb ki, bunun üçün bir siyahı bəs etməz. Xüsusən yay aylarında uşaqların işləməsi tendensiya halını alıb. Amma dünya üzrə də bu hal problem kimi özünü göstərməkdədir.
Küçədə işləyən uşaqlar əvvəllər böyük şəhərlərin bir problemi olaraq qəbul edilirdi. Amma indi qəsəbələri, ucqar rayonları da ağuşuna alıb. Uşaqların işləməsinə mane olmaq üçün bir çox beynəlxalq anlaşma və saziş imzalansa da, azyaşlı işçilər tarix boyu bilinən bir "mafiya”dır.
Beynəlxalq Əmək Təşkilatının təxminlərinə görə, inkişaf etməkdə olan ölkələrdə 5-14 yaş qrupunda işləyən uşaqların sayı 250 milyondur. Uşağın işləməsi bir çox hallarda onun təhsildən məhrum edilməsinə, fiziki və mənəvi inkişafına mənfi təsir etməsinə səbəb olur.
UNİSEF küçədə işləyən uşaqları ailələri ilə münasibət dərəcəsinə görə bir neçə qrupa ayırır:
1-ci qrup: ailələri ilə daim münasibətləri olan uşaqlar günlərini küçədə işləyərək keçirsələr də, ailələrinin qoruması və nəzarəti altındadırlar.
2-ci qrup: ailələri ilə zaman-zaman münasibət quran "küçə uşaqları”. Bu uşaqların ailə bağları zəifləsə də, tamamilə qopmayıb. Özlərini hələ də ata-analı, qardaş-bacılı hesab edirlər və ailələri olmalarının fərqindədirlər. Onlar gün ərzində küçədə bir şeylər sataraq keçirsələr də, gecələr çox zaman evlərində olurlar.
3-cü qrup: ailələri ilə heç bir münasibəti olmayan, işləyən uşaqlar. Onlar əsasən cəmiyyətin ən yoxsul təbəqəsinin və dağılmış ailənin uşaqlarıdır. Ailələrindən ya zorla, ya da öz istəkləri ilə ayrılan bu uşaqlar günün 24 saatını küçədə keçirirlər. Evindən qovulan, qaçan, ailəsi olmayan və ya ailəsi tərəfindən tamamilə nəzarət edilməyən uşaqlar üçün də küçələr ikinci ev sayılır.
UNİSEF-in araşdırmalarında qeyd edilib ki, küçələrdə işləyən və yaşayan uşaqları gözləyən risklər aşağıdakı kimidir: a) istismara məruz qalma; b) içki, siqaret, müxtəlif növ narkotik maddələrdən asılılıq ehtimalı; c) zehni və fiziki inkişafdakı geriləmə; d) döyülmə, yaralama və ölümlə nəticələnən fiziki təzyiqlər; e) oğurluq, qəsbkarlar kimi cinayətləri həyata keçirməyə meyllilik; f) psixoloji problemlər; g) fiziki qəzalara uğrama ehtimalı.
Küçədə işləyən uşaqlar əsasən ailələrin yanında qalır, gündüz küçələrdə işləsələr də, axşam evlərinə qayıdırlar. Amma küçədə işləmə şərtləri onların psixi-sosial inkişaf və təhsil durumlarına mənfi təsir edir. Uşaqlar küçədə yaşamağa təhrik edilməsə, məktəbi atan və küçədə işləyən uşaqların da sayı azalacaq, onların cinsi istismara uğrama riski aşağı düşəcək, yüksək risk altındakı, aşağı gəlirli ailələrin ailədaxili münasibətlərində ümumi bir yaxşılaşma və yeniyetmələr üçün daha yaxşı, sosial inkişaf təmin ediləcək.
2013-cü ilin göstəricilərinə görə, dünyada uşaq işçilərin sayı 168 milyondur. Onların 85 milyonu təhlükəli iş sahələrində çalışır. Sonuncular arasında ən yaxşı iş şərtləri valideynlərinə aid iş sahələrində çalışanlardır. Amma atasının tarlasında, mağazasında işləyən uşaqların heç biri maddi gəlir əldə etmir. Bu isə uşaq əməyinin istismarı sayılır. Təhlükəsizliyi risk altında olan 85 milyon uşağın yaşı 5-17 arasında dəyişir. Mədənlərdə, fabriklərdə və ya küçələrdə işləyən bu uşaqlar eyni zamanda cinsi, eləcə də fiziki istismarın qurbanı sayılır. Müasir sosiologiyada bu uşaqlara "müasir kölələr” deyilir.
Amma bu da faktdır ki, 2000-ci illə müqayisədə işləyən uşaqların sayı üçdə bir qədər azalıb. Yəni indi 78 min daha az uşaq işləyir. Xüsusən də qız uşaqları arasında işləyənlərin sayı azalıb. 2000-ci ildən bu yana işləyən qız uşaqlarının sayı 40 faiz azdır. Ən çox uşaq işçilər Asiya ölkələrindədir. Faizlə hesablayanda isə Afrikada, ölkənin cənubunda işləməyə məcbur edilən uşaq sayı rekord həddə çatıb. Buralarda hər beş uşaqdan biri işləməyə məcburdur. Amma beynəlxalq təşkilatların hesablamasına görə, 2016-cı ilə qədər uşaq işlərində ən təhlükəli olanların ortadan qaldırılması hədəf götürülüb.
Keçək Azərbaycana. Ölkəmizdə yay tətili zamanı məktəblilərin məşğulluğu üçün xüsusi bir proqram mövcud deyil. Buna baxmayaraq, son iki il ərzində komitə 15 yaşdan 18 yaşadək 138 uşağın yay tətili müddətində işlə təmin edilməsinə köməklik göstərib. Lakin bu, fərdi xarakter daşıyıb. Dövlət Statistika Komitəsi küçə həyatına məhkum uşaqlarla bağlı maraqlı araşdırma aparıb və bu mövzuda sorğu keçirib. Belə bir araşdırmanın aparılmasında məqsəd küçə uşaqlarının qarşılaşdıqları problemlər, onların küçədə işləmələrinin səbəbləri, məşğul olduqları əmək növləri, eləcə də məruz qaldıqları təhlükələr barədə ətraflı məlumat əldə etməkdir. Araşdırmaların nəticəsi göstərir ki, uşaqların küçə həyatına məhkum olma səbəblərindən biri də onların ailələrində yaranan maliyyə problemidir. Statistikanın nəticələrinə görə, hər iki valideyni olan 126 uşağın cəmi 9 faizinin həm atası, həm də anası işləyir. Valideynlərinin biri və ya hər ikisi olan uşaqların 75 faizinin təkcə anası və ya atası işləyir, hər beş uşaqdan birinin heç bir valideyni işləmir. Sorğuya cəlb olunan hər 2 uşaqdan birinin ailəsi öz yaşayış yerini 1988-ci ildən, yəni Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı dövrdən sonra dəyişib ki, bu da ölkədə küçə həyatına məhkum uşaqların formalaşmasına təsir edən amillərdən biridir.
Küçə həyatına məhkum uşaqlarla aparılan söhbətlərdən belə bir nəticəyə gəlmək olar ki, onlar belə yaşamaq istəmirlər. Oğlanların böyük hissəsi hərbçi, peşəkar idmançı olmaq, texnika (cihazlarla, maşınlarla, kompyuterlərlə) və ya insanlarla işləmək (müəllim, satıcı olmaq) istədiklərini bildirib. Hər üç oğlandan biri və hər beş qızdan biri gələcəkdə istədiklərinə nail olacağına inanır. Eyni zamanda hər dörd oğlandan və dörd qızdan biri arzularının həyata keçəcəyinə inanmadığını söyləyib.
Məlum olub ki, sorğuya cəlb olunan bütün küçə uşaqlarının gəlir mənbəyi var. Şüşə qabları və metal tullantıları yığıb təhvil verməyi və dilənməyi əmək fəaliyyətinin bir növü hesab etsək, o zaman sorğu olunan bütün küçə uşaqlarını işləyənlər kateqoriyasına aid etmək olar. Küçələrdəki uşaqların yarısı maşın yumaq (25 faiz) və dilənmək (25 faiz) yolu ilə pul qazanır.
Uşaqlar bir qayda olaraq, 10-11 yaşlarında küçədə işləməyə başlayırlar. Oğlan uşaqları qızlara nisbətən daha erkən yaşlardan işləməyə başlayıblar. Oğlanlar əsasən 10 yaşından, qızların isə 11 yaşından əmək fəaliyyətinə başladıqlarını bildiriblər. Uşaqların əksəriyyəti öz ailələrinə maliyyə cəhətdən kömək göstərmək üçün işlədiyini qeyd edib. Lakin onların arasında ailə üzvləri tərəfindən işləməyə məcbur edilənlər də var.
Əksər hallarda uşaqlar yerinə yetirdikləri işləri özləri tapıb. Lakin təxminən hər dörd uşaqdan biri valideynlərinin, hər on uşaqdan biri isə yaşca böyük olan qohumlarının və ailə tanışlarının köməyi ilə işlə təmin olunublar. Oğlan və eləcə də qızların hər beş nəfərindən dördü hər gün orta hesabla 3-5 manat pul qazandığını qeyd edib. Oğlanların 3 faizində, qızların isə 12 faizində gündəlik gəlir 1-2 manat, 15 və 9 faizində müvafiq olaraq 6-10 manat təşkil edib./musavat.com/
.