Yenizaman.az Kulis.Az-a istinadən Ayxan Ayvazla Elçin Hüseynbəylinin söhbətini təqdim edir.
- Elçin müəllim, sizi uşaqlıqdan tanıyıram. Həmişə məhsuldar olmusunuz. Bir xeyli nəsr əsərlərinizi oxumuşam: "Yovşan qağayılar”, "Balıq adam” romanları, hekayələr. Öz nəsildaşlarınızdan fərqli olaraq çox yazmısınız.
-Məhsuldar yox, zəhmətkeş... Söhbətə istəyirəm bir əhvalatla başlayım. Bir dəfə atan (Eyvaz Əlləzoğlu - red) dedi ki, Ayxan sənin "Rəqs edən oğlan” kitabını oxuyub mənə deyir, bax yazıçı Elçin əmi kimi olar. (gülüşmə)
Yazı məndə proqramla deyil. Yazıçılıq da bir peşədir. Mənə hansısa mövzu bir model kimi, hazır gəlir. Hekayə hekayə kimi, roman da roman kimi. Yəni demək istəyirəm ki, konkret heç bir qrafikim yoxdur. Məsələn, deyirlər, Heminquey gündə mütləq bir səhifə yazırmış. Yazıçı da var ki, uzun müddət düşünür, deyir, mənim üçün başlamaq çətindir. Bir dəfə bu haqda yazmışdım: "Birinci cümləni başlamaq həmişə çətin olur, ona görə də keçirəm ikinci cümləyə”.
- Yadımdadır...
- Yazıçı sözdən qorxmamalıdır yəni. Yenə atandan misal çəkəcəm. Mənə bir dəfə dedi, sənin xoşbəxtliyin ondadır ki, sən sözə yuxarıdan aşağı baxırsan, ona görə də asan yazırsan, mən isə sözə aşağıdan yuxarı baxıram, ona görə də çətin yazıram.
- Qorxa-qorxa...
- Hə. Dedim, Eyvaz, söz müqəddəsdir, amma söz yazıçı üçün həm də xammaldır.
- Bir dəfə demişdiniz ki, mən sözlə oynaya bilirəm...
- Sözlə məzələnirəm, oxucunu oyuna salıram. Oxucunun heç gözləmədiyi halda onu dolanbac yollarla aparıram. Mənim hekayələrimin çoxu da novellavari qurtarır. Gözlənilməzliklə. Məsələn, bir hekayə oxuyuram, görürəm ki, bu mövzu mənim düşündüyüm kimi də sona çatır. Əgər sən oxucunun düşündüyü kimi hekayə yazırsansa, o zaman uğursuz olacaqsan. Oxucu da düşünəcək ki, mən də belə yaza bilərəm.
- Son vaxtlar oxuduğum hekayələrdə belə girişlərlə rastlaşıram: "Səhər oldu, əynimi geyindim”, yaxud da "Günorta vaxtı idi, hava soyuqlamışdı”. Amma sizin hekayələriniz həmişə qəribə başlayır. Məsələn: "Mən durduğum yerdə yox, getdiyim yerdə işə düşdüm”.
-" Şimallı gəlin” adlı hekayəmin ilk cümləsi idi dediyin. Elə olmalıdır da. Oxucunu ilk cümlədən heyrətləndirməlisən ki, səni axıra qədər oxusun. Mənim hekayələrimdə hava proqnozları yoxdur. Nə bilim, gün çıxmışdı, yağış yağırdı. Mən bir povest oxuyuram, görürəm ki, oxuduğum tanışdı. Yəni standart təfəkkürlə yazırlar. Mən modern düşüncədəyəm. Hələ ilk hekayəm belə başlayırdı: "Tuq, tuq, tuq... Bir, iki üç...” Yəni bu hekayələr ona görə yadda qalır ki, oxucuda qeyri-adi təəssürat yaradır. Belə bir misal çəkək. Məsələn, bir hekayəyə giriş eləyirsən: "O bulvarda skamyada oturdu və birsən anladı ki, bulvar onun iş yerindən beş-altı addım aralı olsa da, vaxt tapıb bir dəfə də buraya gələ bilməyib”. Buna oxşar başlanğıcları çox oxumuşam. Amma hekayəni qeyri-adi başlasan, məslən iki gəncin bulvarda öpüşməsiylə... (gülüşmə.)
Cavanların ədəbiyyat yaratmasına gələk. Əvvəl onu deyim ki, cavanlar Azərbaycan dilini yaxşı bilmirlər. Mənə hekayə verirlər, görürəm, birinci cümlə Azərbaycan dilində deyil.
- Yeri gəlmişkən, siz bir dəfə demişdiniz ki, mən yazdığımı bezənə qədər redaktə edirəm...
- Çox, çox... Ancaq yenə də səhv olur, inanırsan? Təkrar oxuyanda görürəm ki, hərf səhvi var, ya da hansısa söz yerinə oturmayıb. Elə yazılarım olub ki, bezənə qədər redaktə etmişəm. Mənim hekayələrim çox vaxt 20 dəqiqəyə yazılır. 20 dəqiqədə də o hekayə mənim beynimdən 5 dəfə keçir. Yəni beynimdə yazılır. Kompüteri açıb, onu birnəfəsə yazıram. Sonra soyuq başla oxuyuram, üç dəfə, dörd dəfə, nələrsə əlavə edirəm. İngilis ədəbiyyatşünası Gertruda Staynın belə bir fikri vardı, deyirdi ki, ədəbiyyat mübtəda və xəbərdən ibarət olmalıdır. Yəni təfəkkürlə dil arasında məsafə qısa olmalıdır. Məsələn, gənclər janrları müəyyən eləyə bilmirlər. Əhvalat danışırlar, elə bilirlər ki, o hekayədir. Bir gəncin hekayəsini oxuyursan, görürsən ki, uzandıqca uzanır. Bunlar elə bilirlər ki, uzun yazanda maraqlı olur. İrad da tutanda deyirlər, üslubum belədir. Bu üslub deyil ki! Bu heç Azərbaycan dilində deyil.
- Elçin müəllim, sizin də yazılarınızdakı dilə irad tuturdular...
- Olur belə şeylər. Biri yazmışdı ki, "kofe” sözüylə "qəhvə” sözünü bir-birindən ayıra bilmir. Bunlar mexaniki səhvlərdir. Bir nəfər romanımı oxuyub mənimlə qeydlərini bölüşürdü. Dedi ki, filan yeri belə yazsan, daha yaxşı olardı. Mən də ona bir misal çəkdim: Bir məmləkətdə qiyam olur, padşah da əshabələrini yığır ki, gedin görün orda nə olub. Onlar da gedib bir arayış hazırlayıb qoyurlar şahın qabağına. Şah da baxır ki, bu adamlar qiyamçılara satılıblar, ədalətsiz arayış hazırlayıblar, o da acığından deyir ki, hər şey əladır, amma filan yerdə bir vergül çatışmır. O adama dedim ki, qardaş bütün yazıçıları darmadağın eləmək olar. Amma sən mahiyyətdən danış.
Mənim "Yol ayrıcında qaçış” romanımı Azadlıq Radiosunda müzakirəyə çıxarmışdılar. Müzakirəni mənim romanımla başlamışdılar özü də. Orda iradlar gülməli idi. Mən Dostoyevski kimi psixoloji roman yazmamışam e... "Yol ayrıcında qaçış” interaktiv romandır. Bu roman Azərbaycandır. Fatimə Şərqi təmsil edir, Züleyxa Qərbi. Bunların övladları Məhəmməd çaşıb, bilmir hansının tərəfini tutsun. Ona həmişə şirni gətirən gözəl xalası Züleyxanın tərəfində olsun, yoxsa anası hicablı Fatimənin. Ona görə də çaşır və düşür terroristlərin içinə. İnsan çaşanda bilmir hara getsin. Mən bunu göstərmək istəmişəm. Siz əvvəlcə romanın estetikasını, janrını müəyyənləşdirin, sonra baxın görün, yazıçı ona nə qədər nail olub.
- Sizin çoxlu tarixi romanlarınız var. "Şah Abbas”, "Don Juan”, "Azıx”...
- Hə... Məsələn, "Azıx” məzə romanıdır. Çox adam onu başa düşmədi. Mən lağ-lağı eləmişdim. Özü də yazmışdım ki, saxta vətənpərvərlərə həsr eləyirəm. Guya, hər şey bizdən başlayıb, bəşəriyyətin mərkəzi də Azərbaycandır, dünyada hamı türkdən yaranıb. Yəni başdan ayağa özümüzə...
- İroniyadır...
- Başdan-ayağa ironiya. Amma adamlar romanı ciddi bir şey kimi tərifləyirdilər. Zarafatı başa düşməmişdilər. (gülür.) Sənə qəribə bir şey deyim. Deməli, bir nəfər məndən nə yazdığımı soruşdu. Mən də Azıxdan ciddi bir roman yazmaq istədiyimi dedim. O da qayıtdı ki, mən inanıram, sən bu romanla sübut edəcəksən, o mağarada tapılan alt çənə sümüyü həqiqətən də Azərbaycanlıya məxsusdur. Mən heyrətləndim. Eramızdan 360 min əvvəl, özü də azərbaycanlı. O vaxt millət, belə bir anlayış yox idi axı! Ondan sonra mən ironik bir şey yazdım. Onu demək istəyirəm ki, bəzən adamlar romanı oxuyub anlaya bilmirlər.
- Tarixi romanları da oxuyub deyirlər ki, mütləq tarixlə eyni olmalıdır hadisələr. Yazıçının təxəyyülünü nəzərə almırlar...
- Tarixi romanlara bir neçə konseptual yanaşma ola bilər. Macəra detektiv və s. Amma əsasən iki konseptual yanaşma mövcuddur. Birincisi, nağıl, epos. Məsələn, Vasili Yanın əsərləri kimi. Ordubadidə də var bu. Bir də var, akademik yanaşma: tarix qurtardığı yerdə fantaziya, fantaziya qurtardığı yerdə tarix başlayır. Eyni zamanda tarixə maksimum sədaqətli qalmaq və həm də onu bədiiləşdirməyə çalışmaq lazımdı. Mənim yanaşmam da akademik yanaşmadır. Son bitirdiyim "Yeni iki od arasında” romanı da belədir. Bilirsən ki, Qarabağ haqqında, Rusiyanın Ermənistan adlı dövlət yaratması ilə bağlı çoxlu yazılar yazılıb. Amma mənim bu haqda yazılan romanım, düşünürəm ki, hamıya lazım olacaq. Çünki həmin faktlar bədiiləşdirilib və bir növ bədii icmal xarakteri daşıyır.
- Belə demək mümkünsə, sizin romanlarınızı oxuyub tarixdən, əsl tarixdən xəbərdar olmaq olar...
- "Yeni iki od arasında” romanımı oxuyub Qarabağ haqqında xeyli məlumat əldə etmək olar. Ya da "Don Juan” romanını oxuyub Orta Əsrlərdən xəbərdar olmaq mümkündür: Aralıq dənizi ətrafı ölkələr, İspaniya, Səfəviyyə, Osmanlı, Özbəkiyyə və s. Yəni həmin romanları oxuyub tarixi biliklərini zənginləşdirə bilərsən. "Yeni iki od arasında” romanım Qarabağın tədricən necə əldən çıxdığını göstərir.
- Tarixi romanlarınız arasında "Don Juan” fərqlənir...
- O macəra üslubunda yazılıb.
- Erotika demək olar "Don Juan”a?
- Erotik səhnələr var, erotik estetikası var o romanın. Ancaq erotik roman deyil. O daha çox macəra romanıdır. Mənim ən oxunaqlı romanımdır. "Yeni iki od arasında” yeni romanımdır, o da oxunaqlıdır. "Şah Abbas” bir az ağırdır. Onun haqqında çoxlu əhvalatlar var, ancaq tarixi tərəfinə qara bir pərdə çəkilib. Şah Abbasın qəbri belə yoxdur. Özü vəsiyyət eləyib ki, məni elə yerə basdırın ki, heç kim tapmasın. Çünki murdarlaya bilərdilər. Bu barədə çox danışmaq olar. Məni tarix maraqlandırır. Babalarımız necə yaşayıb, nə ediblər, nə geyiniblər?
- Bu qədər tarixi romanlarınız var. Amma sizi daha çox hekayələrinizə görə tanıyırlar. Və hekayələrinizin daha yaxşı olduğunu düşünürlər.
- Hekayələr mənim üçün çərəzdir. Mənə elə bir şey danışa bilərsən ki, onu elə indi, səninlə söhbətləşə-söhbətləşə beynimdə yaza bilərəm. Məsələn, yenə atandan misal çəkəcəm. Mənim "Keçid dövrünün toyuğu” hekayəmi atan danışıb. "Azərbaycan” jurnalında çap olunanda dedi, qonorarı bölməliyik, ideya mənimdir. (gülüşmə). Hekayə mənim üçün həmin andır. Həmin anda yazılır. "Dezodorant qız” hekayəm var. Bilirsən, necə yazıldı? Metroya girəndə gördüm ətir və dezodarant reklam olunur. Reklam eləyən qız o qədər gözəl idi ki... Düşündüm, belə gözəllik olmaz. Bu şeytani bir gözəllikdir. Mən o hekayəni elə ordaca beynimdə yazdım, gəldim komputerə köçürdüm.
- Yəni hekayə sizin üçün çox asan yazılır...
- Hə, çox rahat yazıram hekayəni. Hekayə mənim stixiyamdır...
- Elçin müəllim, biz sorğu da keçirmişdik bu haqda. Siz özünüzü hansı cərəyana aid edirsiniz? Realistsiz modernistsiz, yoxsa postmodernist?
- Əgər cərəyana bölsək, mənə elə gəlir ki, elə birinci hekayəmdən modern düşüncə ilə yazmışam. Vergilinin bir sözü var, deyir, yaradıcı öz cığırını açmalıdır. Mən çalışmışam ki, həmişə öz cığırımı açım, tapdalanmış cığırla getməyim. Ad çəkməyəcəm, çünki hamı bu dəqiqə özünü dahi hesab edir. Sənin tanıdığın bir neçə cavan yazıçı mənim üslubumda yazırdılar. Elə səndə də bir az var bu. (gülüşmə.) Amma heç biri etiraf etmir ki, mən Elçindən təsirlənmişəm. Bunu deyəndə nə olur ki? Ən çox da "Rəqs edən oğlan” hekayəmdən təsirlənirdilər.
- Siz özünüz kimdən təsirlənmisiniz bəs? Mən bilən Mirzə Cəlili çox sevirsiniz...
- Mirzə Cəlili vaxtı ilə mən imtahan vermək üçün oxumuşam. Ancaq Mirzə Cəlili həqiqətən oxumağım son illərə təsadüf edir və Mirzə Cəlilin kitabları mənim stolüstü kitablarımdır. Çünki onun ironiyasını çox sevirəm. Ancaq birinci təsirləndiyim yazıçı Selincer olub. Sonra Andrey Platonov olub. Bir də Semuel Bekket. Bu üç yazıçı mənə təsir edib və onların üslubunu mənim hekayələrimdə görə bilərsiniz. Mən özümünküləşdirmişəm, təbii ki.
- Elçin müəllim, o vaxt deyirdilər ki, sizin bəzi hekayələriniz xarici müəlliflərdən götürülüb azərbaycanlaşdırılıb. Konkret olaraq Semuel Bekketi deyirdilər.
- Mən bir hekayəni sırf onun təsiri ilə yazmışam: "Bekket və üç nöqtə”. O hekayə sırf Bekketsayağıdır, bunu danmaq olmaz. Amma yazıçı əvvəlcə təsirlənir, sonra özünü tapır. Bu, bir yaradıcılıq prosesidir və ondan çəkinmək lazım deyil. Orxan Pamuk Ekodan təsirləndiyini heç zaman danmır. Özü də hər adam təsirlənə bilmir. Bu, istedadlıların işidir...
Bir dəfə bir xarici müəllifin hekayəsini oxumuşdum, dadaist idi. Gördüm ki, mənim yazdığım hekayə ilə üst-üstə düşür. Halbuki o hekayə təxminən 100 il əvvəl yazılmışdı. Mən o hekayəni yazanda heç bu müəllifin adını eşitməmişdim. Deyəsən, Karavan idi. Oxuyandan sonra başa düşdüm ki, məndə dadaistlik də var. Dadaistlər bir yerdə səhv elədilər. Onlar həm də istəyirdilər ki, cəmiyyətin həyat tərzini dəyişsinlər. Ancaq maraqlı orasıdır ki, dadaistlərin hamısı intihar edib. Görünür, onlar səhv yol tutublar. Cəmiyyətin həyat tərzini sən necə dəyişə bilərsən?
Məndə bir az özündən demək də var. Bunu çox vaxt acıqla edirəm. Gənc yazardan soruşuram ki, məni oxuyubsan, deyir, yox, cavab verirəm, onda səndən yazıçı olan deyil. (gülüşmə.) Zarafat bir yana, düz deyirəm də. Sən hekayə yazırsan, mənim yanıma gəlirsən və məndən xəbərin yoxdur. Get oxu gör nə yazmışam da. Heç olmasa etika xətrinə oxu. Cavanların çoxu qoca təfəkkürüylə yazır, yəni çox keçmişdə qalıblar, müasir ədəbiyyatdan xəbərləri yoxdur. Mən bunu daha çox "Ulduz”da işləyəndə gördüm.
Tanınmış yazarlardan biri bir dəfə məndən soruşdu ki, Vidadi Məmmədovu oxumusan? Mən də "yox” cavabı verdim. Dedi ki, onun iki hekayəsi var, istəyirəm ki, onu oxuyub fikrini bildirəsən. Həmin hekayələri gətirib mənə verdi. İki gün vaxt istədim. Mənim fikrim ona çox maraqlı gəlirdi. Vaxt tamam olanda gəlib fikrimi soruşdu. Dedim, mən Vidadi Məmmədov haqqında eşitmişdim ki, çayxanalarda danışmağı, fikir bildirməyi sevirmiş və ətrafındakı adamlar da onun fikrinə diqqət göstərirmiş. Amma bilirsən o, niyə yazıçı ola bilməyib? Çünki süjet qura bilməyib. Hekayəni belə başlamışdı: "Vağzalda bir qızla oğlan dayanmışdı. Qızın barmağında nişan üzüyü vardı. Ona bu üzüyü oğlan vermişdi. Amma mən hiss elədim ki, qızın könlü başqasındadır”. Gör nə gözəl müşahidədir! Ancaq sonrasını gətirə bilmir. Hekayənin sonu tamam başqa yerə gedib çıxır.
Deməyim odur ki, süjet qura bilməyən insan yazıçı ola bilməz. Bir də son vaxtlar müşahidə edirəm ki, söz oyunu ilə məşğuldurlar. Bu söz oyunu ilə uşağı təəccübləndirə bilərsən. Bizim ədəbiyyatda rəngarənglik var, ancaq peşəkarlıq aşağı səviyyədədir.
- Bayaq dediniz, məndə özündən demək də var...
- Qarşındakını, yaxşı mənada, cırnatmaq üçün... Amma əslində elə deyil. Yəni bəzən özündən razılığı təkəbbürlə qarışıq salırlar. Qürurlu olmaq – təkəbbürlü olmaq demək deyil. Başını dik tutub yeri. Hər adam bu cür yeriyə bilmir, çünki özünə inamı azdır.
- Xaraktercə dalaşqansız? Sizi tənqid edəni mənə elə gəlir, vura da bilərsiniz...
- Yox, mən heç kimə əl qaldırmaram... Amma onu deyim ki, milli ideyalara xəyanət edənləri bağışlamıram. Qərəzlə deyilən fikirlə də. Həddən ziyadə tərifdən də xoşum gəlmir...
- Sizin şəxsinizə, ya da yazılarınıza tənqidi fikir yazanda...
- Çox normal yanaşıram. Bayaq dediyim kimi, həddən artıq tərifi, bir də qərəzi qəbul eləmirəm. Ya mənim haqqımda yazma, ya da nə tərif yaz, nə də qərəz. Obyektiv yaz.
- Qərəzli yazanda reaksiyanız necə olur?
-Təbii, mənə pis təsir edir. Ancaq son zamanlar bunun da üstündən keçmişəm. Fikirləşirəm ki, mənim həmin adamla münasibətim yoxdursa, yaxud yaxşı deyilsə, tərifləməyəcək ki... Adam var, adını tənqidçi qoyub, bütöv bir müstəqillik dövrü ədəbiyyatından yazıb, amma nə məndən, nə də qəbul etdiyim istedadlı adamlardan heç nə yazmayıb. Guya bundan mənə nə olasıdır ki? Mənim haqqımda akademik Tofiq Hacıyev, Nizami Cəfərov, Anar, Sabir Rüstəmxanlı, rəhmətlik Zəlimxan Yaqub, Vaqif Yusifli yazıb. Hələ cavan tənqidçiləri demirəm. Toplasan yüzə qədər məqalədir. Mənim ona ehtiyacım yoxdu axı. Sadəcə məşhur bir deyim var, onu xatırlayıram: "Milçək bir şey deyil, amma ürək bulandırır”. Mənim o cür adamlara həm də yazığım gəlir. Yazığım gəlir ki, sən öz hikkəni niyə ədəbiyyata gətirirsən. Düşün ki, bu adam orta məktəbdə, ali məktəbdə tədris olunur, bunun haqqında bu qədər sanballı adamlar yazıb... Sən məni görməyəndə nə olur ki? Deməli, görmək qabliyyətin zəifdir. Bir var baxasan görməyəsən, bir də var özünü görməzliyə vurasan. Mən xaraktercə dalaşqan deyiləm, sadəcə haqsızlıqla barışmaz biriyəm. Əsgərlikdə birinci mən dalaşdım, karantində ola-ola. Bizə küçəni təmizlətdirirdilər. Mən də bununla razılaşmadım və kəndçilərimizin üstündə də serjantlarla dalaşdım. Ancaq kəndçilərim məni müdafiə eləmədilər. Harda oluramsa olum barışmaz oluram. Bu mənim artıq xarakterimə çevrilib...
- Elçin müəllim, siz ixtisasca jurnalistsiniz.
- Hə...
- Moskvada Lomonosov Universitetini bitirmisiniz...
- Mən əvvəl Bakı Dövlətdə oxumuşam, əlaçıydım, qəbulda da beş almışdım. Lomonosova da qəbul olunub, "beş”lə qurtarmışam. Əsgərlikdə məqsədli şəkildə rus dilini öyrənirdim. Orta məktəbdə oxuyanda bir rus dili müəllimimiz vardı, bərk də əlləri vardı, buranda qulaqlarımız yanırdı. Mən əsgərliyə gedəndə artıq onun sayəsində "skoleneniya”nı bilirdim. Məsələn, uşaqlar deyirdi, "ya xoçeş”, mən isə bilirdim ki, bu "ya xoçu” olmalıdır. Sonra Bakıda oxuyanda düşünürdüm ki, təhsilimi Rusiyada davam etdirməliyəm və ona görə də ancaq rus dilində mütaliə edirdim. Mən ora gedəndə artıq rus dilini bilirdim, ancaq danışmağa çəkinirdim, kompleksim vardı. O da yavaş-yavaş keçib getdi.
- O universitet çox şey verdi sizə?
- Açığı ora gedəndə hazırlıqlı idim. Fərq imtahanlarından da keçdim orda. Birbaşa 4-cü kursa adladım. Mənimlə gedən dostum dedi ki, tez qurtarıb neyləyəcəksən, yaxşısı budur bir ildə Moskvada artıq yaşa. Ona görə də təzədən üçüncü kursa qayıtdım, amma dərslərə getmədim, eləcə başımı qatdım. Həmin il daha çox teatrlara və konsertlərə getdim: Mirey Matye, Demis Russos, Müşərrəf Tezcan, Alla Puqaçova, müxtəlif bardçıların konsertlərində oldum, Böyük Teatra və başqalarına getdim. Universiteti qurtaranda orda qalmağı təklif elədilər, amma razılaşmadım. Çünki çox darıxan adamam: doğma dil üçün, doğma üzlər üçün darıxıram.
- Və qayıtdınız Bakıya...
- Moskvada dayana bilmədim.
- Jurnalistik fəaliyyətiniz də çox olub...
- 15 il... Aktiv jurnalistika ilə məşğul olmuşam: Azadlıq Radiosu, Turan Agentliyi və s...
- Yaradıcılığınıza mane olmurdu, bəs?
- Əgər sən tənbəl deyilsənsə, məsuliyyət hiss eləyirsənsə, işinlə bərabər, bədii yazılarını da yaza bilərsən. Mən Turanda işləyəndə həm köşə yazırdım, həm xəbər tərcümə edirdim, yeri gələndə xəbər dalınca qaçırdım, redaktorluq eləyirdim, həm başqa qəzetlərə yazırdım, həm radioda veriliş hazırlayırdım, həm pyesim tamaşaya qoyulurdu, həm də hekayə yazırdım. Bir film izləmişdim, orda bir dialoq çox xoşuma gəlmişdi. Biri dostuna deyir ki, sən axı bütün bunları necə çatdırırsan: həm yaxşı işləyirsən, həm hobbin var, həm xanımları sevirsən, onlar da səni sevir.. Axı bütün bunlar necə olur? O adam da cavabında deyir ki, mənim özümə yazığım gəlmir. Bax elə mənim də özümə yazığım gəlməyib, buna görə də çox məhsuldar olmuşam...
- Sosial şəbəkədə yoxsunuz..
- Feysbuku nəzərdə tutrsansa, varam. Sadəcə iştirakçı yox, izləyiciyəm. Ola da bilər ondan da imtina edim, həm vaxt aparır, həm də çoxları özünü şit-şit reklam edir. Başa düşmək lazımdır ki, feysbuk şöhrəti sabun köpüyü kimidir və adamlar özlərini aldatmalı deyil. Deyilənlər yox, yazılanlar qalır...
- Elçin müəllim, "Ulduz” jurnalının baş redaktoru olmusunuz. Sizin vaxtınızda necə idi jurnal, sizdən sonra necə oldu?
- Hər redaktorun özünəməxsus tərzi olur. Məsələn, mən jurnala sırf naşir kimi yanaşmışam, yazıçı kimi yox. Əgər yazıçı kimi yanaşsam, gərək heç kim çap olunmayaydı. Amma naşir kimi düşünürdüm ki, bu belə yazır, o birisi də başqa cür. Görünür, humanist, ürəyi yumşaq, demokratik adam idim. Məsələn, Ələkbər Salahzadə çox prinsipial idi. Qulu Ağsəs də indi jurnalı çıxardır, istəyir ki, müəyyən yeniliklər eləsin. O da bir az qəddarlıq eləyir. (gülür.) Bir şair keçən dəfə mənə deyir ki, ay Elçin müəllim, siz olanda şeirlərimiz jurnalda ildə iki-üç dəfə çıxırdı, amma Qulu çap eləmir. Dedim, atama rəhmət oxudur da. (gülüşmə). Sonra da əlavə elədim ki, Qulu sənin də atana allah rəhmət eləsin ki, mənim atama rəhmət oxutdurursan. Amma maraqlıdır. Qulunun öz tərzi var. Mənim vaxtımda jurnalın bir neçə nömrəsini cavanlar buraxdı. Qəti müdaxilə eləmədim, demək olar, materialları oxumurdum. Nadir hallarda baxırdım. Bir də Quluya tapşırırdım ki, oxusun, söyüş getməsin yazılarda.
- Oxumuram dediniz, yadıma düşdü. O vaxt "Ədəbiyyat qəzeti”ni oxumuram deyirdiniz. İndi necədir vəziyyət?
- Hərdən imkan olanda baxıram. İndi elə dövr gəlib ki, gərək kimsə mənə hansısa yazını oxumağımı məsləhət bilsin. Görünür, indiyə qədər çox oxumuşam. Hazırda özümün yaradıcılığımla məşğulam. Tarixi romanlar yazmaq üçün çoxlu materiallar toplayıram, qeydlər edirəm. Ona görə də əlavə şeylər oxumuram ki, enerjimi almasın. Kimsə məndən xahiş edəndə oxuyuram ancaq.
- İndi də AYB müşavirisiniz. Üzvlüyə siz baxırsınız?
- Yox, üzvlüyə mən baxmıram. Ancaq mən üzvlük təklif edə bilərəm. Görürəm ki, istedadlı adamdır, həm də tərbiyəlidir. Tərbiyə mənim üçün vacibdir. İstedad var, tərbiyə yoxdu, mənim elə adamla işim yoxdur.
- Murad Köhnəqala da müsahibəsində sizin təşəbbüsünüzlə üzvlüyə qayıtdığını demişdi...
- Muradla bizim bu haqda söhbətlərimiz olmuşdu. Mən də dedim ki, gəl Anar müəllimlə söhbət elə. Anar müəllimin sənə hörməti var, istedadına bələddir. Dedim, zaman-zaman ona cığallıq eləmisən, amma bu illər əvvəl olub, daha keçib. Biz də söhbət elədik. Murad dedi, mən Birliyə üzv olmaq, Anar müəllimlə görüşmək istəyirəm.
- Görüşdə siz də var idiniz?
- Hə, mən də görüşdə iştirak edirdim. Murad müsahibədə nə demişdisə, düz demişdi. Anar müəllim dedi ki, sənə nə kömək eləyə bilərəm. O vaxt Anar müəllim Murada yataqxanada mənzil də vermişdi, Şüvəlanda. Şeirlərini də "Min beş yüz ilin Oğuz şeiri” antologiyasına salmışdı. Maraqlı bir söhbət oldu aralarında.
- Ümumiyyətlə, hiss edirəm, AYB-yə tənqidlər səngiyib...
- Görünür əvvəllər AYB-dən nəsə gözləyirdilər. Sonra gördülər ki, AYB dəyişən deyil, necə var elə də qalacaq. (gülür.) Yaradıcı təşkilatdır, belə də qalmalıdır. Bu idman klubu deyil ki, deyəsən niyə medal qazanmadınız?
- Elçin müəllim, neçə ildir yazırsınız. Sizə niyə fəxri ad vermirlər?
- Gəl, bu barədə danışmayaq. Amma qısa deyim ki, ad varsa, onu vaxtında versələr yaxşıdır. Sadəcə bunu dərd eləmək lazım deyil...