“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Prezident İlham Əliyevin bu sahədə olan tapşırıqlarının icrası ilə bağlıdır. Bunlardan birincisi kölgə iqtisadiyyatı ilə mübarizədir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

Xidmət rəisi bildirib ki, vergi bazasının genişləndirilməsi ilə bağlı təkliflər var idi: “Eynilə sosial xarakterli güzəştlər və vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur. Əlavə olaraq bir blokda sahibkarlığın inzibatçılıq yükünün azaldılması ilə bağlı dəyişikliklər təklif olunur. Təklif olunan dəyişikliklər nəticəsində büdcə gəlirlərində təxmini 65 milyon manat artım gözlənilir. Hətta dəqiq 65 milyon manatdan çox artım olmasını proqnozlaşdırırıq”.

DVX-nin İdarə rəisi: “Zərərli məhsul istehlakının azaldılması üçün addımlardan biri vergilərin artırılmasıdır”

“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər 5 blok üzrə cəmləşdirilə bilər”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin İdarə rəisi Nicat İmanov deyib.

O bildirib ki, ilk olaraq aksizli məhsulların dərəcələrində artım olacaq: “Məhz zərərli məhsullar üzrə istehlakın azaldılması üçün nəzərdə tutulan addımlardan biri də vergilərin artırılması ilə bağlıdır. Məcəllədə dəyişiklik istiqamətində alkoqollu içkilər üzrə və tütün məhsullarında artım nəzərdə tutulur. Digər tərəfdən, ölkənin ekoloji mühitinin qorunmasında mühərrikinin həcmi 3000 kub/metr-dən yuxarı olan avtomobillərin də aksiz dərəcələrində artım təklif olunur. Eyni zamanda istismar müddəti uzun olan avtomobillərin də aksiz dərəcələrinə yüksəldici əmsalların tətbiqi nəzərdə tutulur. Digər dəyişiklik istiqaməti mədən vergisinə cəlb edilən gips və gəc məhsulları ilə bağlıdır. Sement və xammal üçün tətbiq edilən aksiz dərəcəsinin gipsə və gəcə də tətbiq edilməsi nəzərdə tutulur. Mədən vergisi üzrə vahid yanaşmanın tətbiqi nəzərdə tutulur. Gələcəkdə vergitutma obyektlərinin bərabərləşdirilməsi siyasəti də həyata keçiriləcək”.

.