“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsinin qəbul edilməsi zərurətinə aydınlıq gətirilib.

 Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib bildirib ki, hazırda Dövlət Təhlükəsizliyi Xidməti dünya ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə beynəlxalq terrorçuluğa və onun maliyyələşdirilməsinə, transmilli mütəşəkkil cinayətkarlığa, kəşfiyyat-pozuculuq fəaliyyətinə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa qarşı mübarizənin aparılması istiqamətində faydalı əməkdaşlıq edir: “MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası, Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransı, həmçinin digər beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda işgüzar əlaqələr qurulub. Xarici tərəfdaşlarla beynəlxalq əməkdaşlıq münasibətlərinin artan dinamikası qarşılıqlı əməkdaşlıq zamanı daha çevik üsul və metodlarından istifadə edilməsi zərurətini və məqsədəuyğunluğunu aktuallaşdırıb. Bununla əlaqədar, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanı qəbul edilib. Həmin Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini təyin etmək səlahiyyəti verilib və bu Fərmandan irəli gələn digər məsələlərin həll edilməsi vəzifəsi Nazirlər Kabinetinə tapşırılıb, hazırda müzakirəyə çıxarılan qanun layihəsi hazırlanıb. “Sosial sığorta haqqında” qanunda məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsində isə gəlir vergisindən azadolmalar və güzəştlər müəyyənləşib. Qeyd olunan normalarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, həmçinin mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı sosial sığorta haqqından və gəlir vergisindən azad edilən gəlirlər kimi təsbit olunub”.

Şöbə müdiri qeyd edib ki, diplomatik xidmət orqanları əməkdaşları ilə yanaşı təyin olunduqları ölkələrdə dövlət qulluğunun xüsusi növündə xidmət DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin də həmin güzəştlərdən istifadə etmələrinin təmin edilməsi ilə əlaqədar qeyd olunan normativ hüquqi aktlarda dəyişiklik edilməsi zəruri hesab edilib: “Layihə qəbul edildiyi təqdirdə, təyin olunduqları ölkələrdə dövlət qulluğunun müvafiq növlərində qulluq (xidmət) keçən şəxslərə münasibətdə qanunvericiliyin vahid mövqeyinin formalaşdırılması baxımından DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlərindən yalnız dövlət məvacibi məcburi dövlət sosial sığorta haqqına və gəlir vergisinə cəlb olunması təmin ediləcək”.

.