Dövlət orqanlarının təsnifatı genişləndirilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları sırasına Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi də əlavə edilir.

Qüvvədə olan qanuna əsasən, əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Audiovizual Şurasının Aparatıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

.