ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollar dəyərində "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin mümkün satışını təsdiqləyib.

Bu barədə Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ-dən 730 ədəd "PAC-3 MSE" idarəolunan zenit raketi və müvafiq avadanlıqların alınması imkanını sorğu edib. Sövdələşmə Dövlət Departamenti tərəfindən bəyənilib və müvafiq bildiriş ABŞ Konqresinə təqdim olunub.

Bəyanatda qeyd olunur ki, raketlərin Səudiyyə Ərəbistanına satışı ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik sahəsindəki məqsədlərinə cavab verir. Sənəddə ifadə olunan mövqeyə görə, Ər-Riyada silah satışı regiondakı qüvvələr balansını dəyişməyəcək. Pentaqon hesab edir ki, bu sövdələşmə ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.

Xatırladaq ki, bundan əvvəl Dövlət Departamenti üç müqavilə üzrə İsrailə 6,52 milyard dollar dəyərində potensial hərbi tədarükü təsdiqləmişdi.

.