Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən yeganə ölkədir. Bu günlərdə hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalı və diqqəti əldən verməməlidir.

Erməni separatçıları cəbhədə öz yaramaz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycanın böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək niyyətindədir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi də əhalini xəbərdar edib. Hələ keçən əsrin 90-cı illərindən başlayaraq Ermənistanın rəsmi dairələri və erməni diasporasının maliyyə dəstəyi ilə bəhrələnən "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" və digər erməni terror təşkilatları fəaliyyətlərini daha da genişləndirib. Əsas məqsəd isə Azərbaycan ərzisində təxribatlar törətməkdir.  

Ermənistanın xüsusi xidmət orqanlarının bir başa nəzarəti və göstərişi ilə hərəkət edən bu təşkilatların terror aktları nəticəsində minlərlə dinc vətəndaş həlak olub. 1989-90-cı illərdə Tbilisi-Bakı,  Şuşa-Bakı, Tərtər-Kəlbəcər, Tbilisi-Ağdam, Şəmkir-Gəncə, Xankəndi marşrutları ilə hərəkət edən sərnişin avtobusları partladılıb, 1991-ci il yanvarın 9 da “Molodyoj Azerbaycana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobil güllələnib. Terrorçular dəmir yolunda da təxribatlar törədib. Dağıstanın Xasavyurd və Temirtau stansiyaları yaxınlığında “Moskva-Bakı” sərnişin qatarları partladılıb.  Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarı partladılıb. 1993-cü ildə Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəyib.  1994-cü ildə Bakı dəmir yolu vağzalında “Kislovodsk-Bakı” sərnişin qatarında terror aktı törədilib.

1991-ci ilin 20 noyabrında  Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” vertolyotunun vurulması nəticəsində Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər həlak olub. 1992-ci ildə Ağdam-Şuşa marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Nəticədə çoxu qadın və uşaq həlak olub. 1992-ci ildə Türkmənistandan “Krasnovodsk-Bakı” marşurutu ilə hərəkət edən dəniz bərəsində də terror aktı törədilib.  Elə həmin il yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və fevralın 26 da Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirib, 650 nəfəri isə yaralayıb. 1994-cü il martın 19-da  Bakı metropolitenin “20 Yanvar” stansiyasında, iyulun 3 də isə “28 May” və “Gənclik” stansiyaları arasında  qatarlarda partlayışlar törədilib. 2009-cu  il aprelin 30 da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsində də erməni izi sezilir. Sadalanan aktlar hələ faktların bir qismidir. Odur ki, hər birimiz diqqətli, ehtiyyatlı, ayıq-sayıq və təşəbbüskar olmalıyıq ki, erməni vandallarının insanlığa sığmayan qanlı terror əməllərinin təkrarlanmasına imkan verməyək!

Rəşad Nəsirov əməkdar jurnalist

.