DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildiribMəleykə Abbaszadə
 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçirilən buraxılış və qəbul imtahanında abituriyentlər arasında maksimal 700 bal toplayanların olmaması məsələsinə münasibət bildirib.

O, “Report”un sualına cavab olaraq bildirib ki, buraxılış və qəbul imtahanlarında maksimal 700 bal toplanması ümumi prosesi xarakterizə etmir.

DİM sədri deyib ki, kütləvi prosesi xarakterizə edən orta abituriyentin nəticələri, yaxud misal olaraq, 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayıdır: “Bu, daha vacib göstəricilərdir. Hər zaman qeyd etmişəm ki, maksimal 700, yaxud da 699 bal toplayan abituriyentlər arasında heç bir pedaqoq fərq görməyəcək. Çünki onlar onsuz da eyni səviyyəli abituriyentlərdir. Burada ola bilsin ki, hansısa bir suala cavab verməyib, yaxud texniki səhvə görə 700 bal toplaya bilməyib. Bu da formal göstəricidir. Əsas onu araşdırmaq lazımdır ki, ildən-ilə vəziyyət necə dəyişir? Təhsil sistemində hansı nəticələri görürük?”.

M.Abbaszadə buraxılış imtahanlarında daha çox müsbət tendensiyanın müşahidə olunduğunu söyləyib: “Xüsusilə Azərbaycan dili və ingilis dili fənnində bu müsbət amil qeydə alınır. Hələ ki xoşagəlməz nəticələr riyaziyyat fənnindədir ki, bunu da açıq şəkildə deyirik. Ola bilsin ki, bu il 11-ci sinfi bitirən şagirdlər riyaziyyat fənnini ayrı dərsliklərdən keçiblər, yaxud dərslikləri 7-8-ci sinifdə dəyişib. Burada daha dərində olan problemləri görmək lazımdır. Ümumilikdə isə hansısa detalı götürüb ümumi göstərici kimi ictimaiyyətə təqdim etmək lazım deyil”.

“Buraxılış imtahanında maksimal 300 balı toplayanların qəbul imtahanında iki cəhdlik seçimdə iştirak etmək şansı var. Lakin buraxılış imtahanında 300, qəbul imtahanının ilk cəhdində də 399 bal toplayan abituriyentə ikinci cəhddə iştirakını rəva bilməzdim ki, mütləq 700 bal toplasın. Bu ona heç lazım da deyil. Çünki bu ona fiziki cəhətdən ağır olacaq. Hər bir şəxs bu imtahanları verdikdə əvvəlcədən fikirləşməlidir ki, hansı istiqamətə gedəcək və nə işlə məşğul olacaq. Bu suallar üzərində fikirləşməlidir. Biz bu istiqamətdə işləməliyik. Abituriyentləri mütləq şəkildə 700 bal toplamalısan basqısı altında saxlamaq olmaz. Lazım olmayan faktı müzakirə etmək doğru deyil. Daha mürəkkəb faktlar və məsələlər var. Bunun üçün elmi yanaşma lazımdır”.

DİM sədri: "9-cu sinfə aşağı nəticə ilə gələn şagird həyatı boyu nə 500, nə də 700 bal toplamayacaq"

“Zəif nəticə göstərən şagirdlərin repetitor yanına getməsi nəticəni elə də dəyişmir”.

Bunu  Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, tədris proqramının, eləcə də lazım olan bilik və bacarığın 20 %-ni özündə cəmləşdirən 9-cu sinif şagirdi repetitor yanına gedəndə iki il ərzində nəticəyə ən çoxu 40 % əlavə edə bilər: “9-cu sinfə 20 %-lik nəticə ilə gəlib çatan şagird həyatı boyu nə 500, nə 600, nə də 700 bal toplamayacaq. Ona görə də bunu başa düşməlidirlər və daimi olaraq aşağı siniflərdən yaxşı oxumalıdırlar”.

DİM sədri təəssüflə bildirib ki, ənənəvi yanaşma əsasında valideynlər yalnız ibtidai sinifdə övladının təhsilinə diqqət yetirirlər: "Yeniyetməlik dövründəki nizam-intizam məsələsi ilə bağlı problem səbəbindən onların təhsilinə olan diqqət kütləvi şəkildə azalır. Valideynlərin sonrakı diqqəti yalnız 9-cu sinifdən sonra ali məktəbə qəbul olmaq istəyi ilə əlaqədar yenidən başlayır. Təhsilə diqqət daimi olmalıdır, müddətlik yox. Uşaqların ehtiyaclarını eşitmək və başa düşmək lazımdır. Müəllimlərdən başqa valideyn bunu daha yaxşı bilməlidir".

"Valideynlərlə işləmək lazımdır. Bizdə psixoloji xidmətlər açılıb və hər zaman valideynlərə məsləhətlər verməyə hazırıq. Çünki təlim-tərbiyə prosesi daim gedir. Hər insan öz bildiyini övladına çatdırır. Elə hallar da olur ki, intellektual qidanı valideyn övladına verə bilmir. Valideynə də bu mövzuda kömək lazımdır” – Məleykə Abbaszadə əlavə edib.

Abituriyentlərin riyaziyyat fənni üzrə zəif nəticə göstərməsinin səbəbləri açıqlanıb

Abituriyentlərin riyaziyyat fənni üzrə hazırlıq səviyyələrinin qənaətbəxş olmamasının səbəbləri açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  bildirib ki, həmin fənn üzrə aşağı nəticə göstərilməsi necə var idisə, yenə də eyni vəziyyət qalıb.

Onun sözlərinə görə, yəni riyaziyyat fənni üzrə vəziyyət pisləşməyib: “Sadəcə, Azərbaycan dili və ingilis dilində müşahidə etdiyimiz müsbət tendensiyanı bu fəndə görmürük. Müəllimlərin özlərinin yeni proqramla əlaqədar qiymətləndirmə alətləri ilə işləməyi, məktəbdə tətbiqi, dərsliklərdə ola bilsin hansısa problemlər və s. hamısı ümumi səbəblər sırasındadır. Hər bir sahə ilə bağlı əlavə araşdırmalar aparmaq lazımdır. Məsələn, 10-15 il bundan əvvəl görürdük ki, sadə mövzu imtahana düşəndə abituriyentlər pis cavab verirdi.

Araşdırmalarımız onu göstərdi ki, həmin mövzunu üçüncü rübün sonunda və ya 4-cü rübə keçəndə müəllimlər ənənəvi olaraq şagirdlərə məktəbdaxili qiymətləndirilməsi prosesində ev tapşırığı kimi həvalə edirdilər. Çünki üçüncü rübün axırıdır və müəllimlər qiymətləndirmə ilə məşğuldurlar. Təbii k, şagirdlər də evdə həmin mövzuya ötəri baxırlar. Sonra da şagird həmin mövzu imtahana düşəndə zəif nəticə göstərirdi. Halbuki həmin mövzu rübün sonunda izah olunmalı idi, ancaq çox zaman olunmurdu. Belə məsələlər olurdu və zamanla aradan qaldırılır. Məsələlərə səthi yanaşmalar kifayət qədərdir”.

.