Böyük Britaniyanın keçmiş baş naziri Devid Kameron NATO-nun birinci katibi postuna ən ehtimal edilən iddiaçılardan biri hesab edilir.
Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda anonim məmurlara istinadən "Daily Mail” qəzeti yazıb.
Onların fikrincə, Böyük Britaniyanın baş naziri Tereza Mey bu posta Kameronun namizədliyini təklif edərsə, sabiq baş nazirin namizədliyini çoxları dəstəkləyəcək. Kameronun nümayəndəsi bu informasiyanı hələ şərh etməyib.
Britaniya NATO-da böyük təsirə malikdir və ABŞ-dan sonra ittifaqda hərbi planda ən əhəmiyyətli ölkə hesab edilir. Nəşr qeyd edir ki, Birləşmiş Krallıq ölkə vətəndaşının NATO-nun baş katibi postunu tutmasında maraqlıdır. "Birincisi, bu, Britaniyaya Avropanın təhlükəsizliyində daha əhəmiyyətli rol oynamağa imkan verəcək. İkincisi, Avropa İttifaqına göstərməyə imkan verəcək ki, "Brexit”dən sonra qitədə konstruktiv rol oynamaq istəyir”, - deyə"Daily Mail” bildirib.
Kameronun hökumətdəki müttəfiqləri hesab edirlər ki, ölkə bu təyinatdan yalnız udacaq. Həmçinin məmurlar bildiriblər ki, sabiq baş nazir NATO baş katibi olmağa hazırdır.
Hazırda NATO baş katibi vəzifəsini Yens Stoltenberq tutur. Norveçin keçmiş baş naziri 2018 və ya 2019-cu ildə bu postdan gedəcək.
.
