Keçən il qeyri-stabil qlobal mühitdə Azərbaycan barmaqla sayıla biləcək ölkələrdən oldu ki, makroiqtisadi sabitlik təmin edildi və bütün dünyanı cənginə alan inflyasiya ölkəmizdə minimum göstəricilərlə özünü göstərdi.

Bunu deputat Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, 2023-cü ildə dövlət büdcəsinin yönəldiyi prioritet istiqamətlərdən biri işğaldan azad edilmiş torpaqlarda yenidənqurma prosesi, Böyük Qayıdışın sürətləndirilməsidir: “Biz bütün bu prosesi öz dövlət büdcəmiz hesabına maliyyələşdiririk və icra edirik. Digər tərəfdən, 2030-cu ilə qədər elektrik enerji istehsalında bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəfləndiyindən, bu istiqamətdə dövlətlə birlikdə özəl sektorun investisiyaları və birgə layihələri böyük rola malikdir. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə “Qaradağ” Günəş Elektrik Stansiyasının tikintisi üzrə layihələr bu kimi addımlardandır. Enerji istiqamətində sonuncu layihələrdən Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və Su Elektrik Stansiyalarının tikintisi enerji, kənd təsərrüfatı, suvarma problemi kimi bölgəni yaxından maraqlandıran bir sıra problemləri əhatə edəcək və bu kimi layihələr xüsusilə də enerji və su çatışmazlığı probleminə həll yolu olacaq”.

.