ABŞ xarici işlər naziri Con Kerri BMT Təhlükəsizlik Şurasında İsrailin işğal olunmuş Fələstin ərazilərində tikinti işlərini dərhal dayandırmasına dair qəbul edilən qərarla bağlı mətbuat konfransı keçirib. 


Kerri bildirib ki, Təhlükəsizlik Şurasında qəbul edilən qərara ABŞ-ın dəstək verməsi iki dövlətli həll prinsipindən irəli gəlib.


"İki dövlətli həll israillilər və fələstinlilər arasında ədalətli və qalıcı sülhün təmin edilməsinin tək yoludur. İsrailin yeni torpaqlarda tikinti işləri aparması iki dövlətli həll prinsipinin gələcəyinə ciddi təhlükə yaradır. Orada tikintilərin aparılması İsrailin təhlükəsizliyini təmin etməsilə bağlı deyil. Həmin ərazilərdə tikintilərin aparılmasını müdafiə edənlər fələstinlilərin qanuni tələblərini görməzlikdən gəlirlər və ideoloji buyuruqlarla hərəkət edirlər. 


Təhlükəsizlik Şurasındakı qanun layihəsinə veto qoymadığı üçün Obama hakimiyyətini sərt tənqid edən İsrail hökumətinə sərt reaksiya verən Kerri "Netanyahu hakimiyyəti İsrail tarixində ən sərt qaydalarla hərəkət edən bir iqtidardır. Bəzi liderlər ABŞ-ın dostluğunun qeyd-şərtsiz olduğunu düşünür. Amma bu elə deyil. Daha öncə də ABŞ-da İsrail əleyhinə olan qanunlara veto qoymayanlar olub. Buşun hakimiyyət illərində İsrail əleyhinə BMT-də 6 qanun layihəsi qüvvəyə minib. 

İsrail həm yəhudi, həm də demokratik dövlət ola bilməz. Bunların ikisi bir yerdə mümkün deyil. Qüds iki toplumun ortaq bölgəsi olmalıdır". 

 

Kerri İsrailin paytaxtının Təl-Əvivdən Qüdsə köçürülməsini dəstəkləyən Trampın yanaşması ilə razılaşmadığını bildirib. 


Qeyd edək ki, dekabrın 23-də BMT TŞ İsrailin işğal olunmuş ərazilərdə əhalinin məskunlaşdırmasını qadağan edən qanun qəbul edib. Bundan sonra İsrail rəsmiləri ABŞ hakimiyyətini və yanvarın 20-də prezidentlik postuna əyləşəcək Donald Trampı sərt tənqid edib. 

 

.