Yenizaman.az Kulis.az-a istinadən yazıçı Çingiz Hüseynovla yazılı müsahibəni təqdim edir.

 

- Çingiz müəllim, necəsiniz?

 

- Səksən, doxsan, bir gün varsan, bir gün yoxsan.

 

- Hazırda yeni əsər yazırsınızmı?

 

- Yazıram, İsraildə çıxan illik dərgidə mənim yeni çağdaş dövrə bağlı romanımdan bir parça çap olundu «Огни столицы», 2016/8, rus dilində (amma, inşallah! - azəricə də yazacam): «Длинные дистанции короткого пути», yəni "Qısa yolun uzun məsafələri”.

 

- Azərbaycandakı ədəbi mühiti izləyə bilirsiniz?

 

- Mühitdən xəbərim var, az-çox izləyirəm... Şəxsən mənə göndərilənləri daha dəqiq oxuyuram: bədii dilimiz yaşayır, inkişafdadır.

 

- Sizin əksər əsərləriniz əvvəl Rusiyada, rus dilində çap olunub, sonra onları özünüz dilimizə çevirərək çap etmisiniz. Bu üsulu seçməyinizin səbəbi nə idi? Rus dilində yazıb daha çox oxucu auditoriyası əldə etmək, yoxsa? Axı əsəri əvvəl rusca yazıb sonra onu Azərbaycan dilində yazmaq ikiqat əziyyətdir.

 

- İlk hekayə-povestlərimi (buraya "Qafiyəsiz duyğuları” da əlavə etmək olardı) öz dilimizdə yazmışdım; ilk romanım ("Məhəmməd, Məmməd, Məmiş”) rədd olundu, məcburən rus dilinə çevirməli oldum (daha doğrusu rusdilli orijinalını yaratdım), 1975-də çap olundu (üç il öncə Türkiyədə çıxdı); "Məhəmməd, Məmməd, Məmiş”in taleyini nəzərə alıb "Fətəli Fəthi”ni rus dilində yazdım, böyük çətinliklərlə Moskvada 1981 və 1983-cü illərdə çıxdı. Bakı əsərimlə maraqlandı, bu dəfə ruscadan dilimizə çevirməyə başladım... – "çevirdim” demək olmaz: Azəbaycandilli orijinal doğdu, 42 ç.v. həcmində, 1986-da kiril əlifbasıyla "Yazıçı”da çıxdı (dil və oxucu hökmündən doğdu həcmi!); bu dəfə də böyük çətinliklərlə Moskvada çıxdı: senzura yasaqları ucundan!.. 

 

- Çingiz müəllim, bu yaxınlarda "Fətəli fəthi” əsərini oxudum. İstərdim söhbətimizin davamını bu roman üzərində quraq. "Fətəli fəthi”ni yazmaq ideyası necə yarandı? Hər bir böyük əsərin yazılması zamanı əlavə mənbələrə müraciət eləməyə ehtiyac duyulur. "Fətəli fəthi”nin yazılmasında da arxiv materiallarından, o dövrün məktublarından, yazışmalarından istifadə etmisiniz. Bu materialları əldə etmək çətin olmadı ki, ümumən romanın yazı prosesi barədə məlumat verə bilərsinizmi?

 

- Mənim bütün yazılarım cəmiyyətdə, böyük-kiçik ölkəmizdə, dünyada baş verən ədalətsizliyə, yalana, insanı (yəni mənim özümü də!) alçaldan meyllərə-hərəkətlərə qarşı etirazımdan doğmuşdur... Bu dəfə etiraz oxu mənim özümə tuşlandı: "sən ki, - dedim özümə, - despotik sistemə xidmət edirsən!..” Və birdən ayılan kimi oldum: "Sənin həyatın bir dəfə yaşanmışdır! Sənin həyatını Mirzə Fətəli yaşamışdır! Rəsmən "rütbəli-paqonlu” qulluq və əslində isə ədalətsizliyi rədd edən yanar ürək döyünür sinəndə!.. Bu faciəni qələmə almasan bağrın çatlar!..” Və məhz özüm üçün, özümü dərk etmək naminə yazmaq! Bu – şərtdir!.. 10 il heç kimə demədən əsər üzərində çalışdım. Özüm üçün yazırdım: özümü ki aldatmayacağam?!

 

- Əsərin janrını belə müəyyən etmisiniz: sənədli fantaziya. Bəs bir müəllif kimi tarixi faktlara nə qədər sadiq qaldınız?

 

- Bircə dənə də uydurulmuş tarixi sənəd yoxdur romanımda!.. Tbilisi, Bakı, Moskva arxivləri və s. digər sənədlər... "Fantaziyalar” – yuxulardır, gələcəyə baxışdır.

 

- Cadugər obrazı kimdir və bu obraz necə yarandı? Mənə elə gəldi ki, cadugərin sol yanağında xal təsvir etməklə onun müəllif olduğuna işarə eləmisiniz.

 

- Düz tapmısan... Amma həm də Cadugər "Fətəli fəthi”nin yaratdığı obrazdır.

 

- İç monoloqları, "fantaziya”ları, olacaqları yazmaq üçün sütunlardan istifadə etmisiniz, yəni həmin hissələr abzasdan deyil, ortadan başlayır. Bunu üsulu sizdən əvvəl tətbiq edən olub?

 

- İlk dəfə dediyin "sütunları” "Məhəmməd, Məmməd, Məmiş”də verdim, mənim tapıntımdır bu üsul ("Doktor N” və "Ailə gizlinləri”ndə də: üsul birdir, bədii məqsədlər isə bir-birindən fərqli.

 

- Senzor Qayıtmazov Fətəlinin əsərlərini kəsib-doğrayır. Bəs siz necə "Fətəli fəthi”ni yazanda senzura ilə qarşılaşdınızmı? Axı əsərdə "xoşagəlməz hissələr” – Rusiya və çar həddən artıq tənqid olunur, Osmanlı və Konstantinopol mədh edilir – var idi?

 

- Qısaca deməliyəm ki, Qayıtmazov – real simadır... Rus, "mərkəz”, senzoru Şeyx Şamil xəttinin əleyhinə idi – Marksa-Leninə arxalanıb, professorluğumdan istifadə edib "demaqoqluq” yolu ilə bu xətti saxlaya bildim. "Milli”-yerli senzuranin iradları tam başqa idi: milli yazarlara çar siyasətini tənqid etmək yasaq idi, bu məsələni də uğurla həll etdim, tələbə dostum Cahangir İldrımzadəni inandıra bildim:  axı, rus dilində, dedim, bunlar senzuradan keçmişdir!.. 

 

- Əsərdə hadisələr İran, Dağıstan, Tiflis, Konstintinopol və digər məkanlarda baş verir. Adətən məkanı görmədən o barədə yazmaq çətin olur. Məlumdur ki, o dövrdə Türkiyəyə, İrana getmək də indiki qədər asan deyildi. Siz necə Türkiyəyə gedə bilmişdinizmi?

 

- İranı görmək mənə qismət olmadı, amma Dağıstanda oldum, Tiflisdə, "Konstantinopolda”... 1968-ci ildə Türkiyəni tək-tənha gəzdim və bu səfər həyatımda, dünyagörüşümdə böyük dəyişiklərə səbəb oldu... – mənim Türkiyəyə səfərim macəralar dolu səyahət idi!.. Bu haqda ətraflı yazmışam xatirələrimdə... Ay canım, oxuyun Çingiz Hüseynovun bu rusdilli kitabını!..

 

- "Fətəli fəthi”i layiqli dəyərini alıbmı?

 

- Çərxi-fələyə bağlıdır kitabın taleyi... Özün cavablandır bu sualı: Mənimki yazmaq idi.

 

- "Fətəli fəthi” əsəriniz ötən il "Alatoran” nəşriyyatında çap olundu. Nə əcəb digər əsərlərinizi Azərbaycanda çap etdirmirsiniz?

 

- Minnətdaram "Alatoran”a da, dərin hörmət bəslədiyim Rasım Qaracaya da!.. O ki qaldı cümlənin ikinci hissəsinə... "Ailə gizlinləri” romanımı deyirsiniz? "Tamaşalı oyunları”mı? İki cildlik "Doktor N”imi?.. Mənə doğma olan rus dilində yaşayan və millətimə sıx-sıx bağlı olan bu əsərlərin doğmadilli orijinallarını yaratmaq üçün ikinci bir ömür gərəkdir...   

.