"Əvvəla, münaqişə zonasında atəşkəs rejiminin monitorinq mexanizmi artıq mövcuddur. Bu funksiyaları ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişə üzrə şəxsi nümayəndəsi Andjey Kaspşikin rəhbərlik etdiyi missiya həyata keçirir".

Bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov atəşkəs rejiminin nəzarətdə saxlanılması ilə bağlı müxtəlif beynəlxalq mexanimlərin cəlb olunmasının vacibliyi ilə əlaqədar suala cavabında bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi öz hərbi təcavüzünün nəticələrini möhkəmləndirməyə, danışıqlar prosesini uzatmağa və ikinci dərəcəli vəzifələrin həllinə çalışır: "Biz əsas vəzifələrin həllində cəmləşməyi zəruri hesab edirik. Gərginliyin olmasının əsas səbəbi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsidir. Ona görə də işğalın özünün aradan qaldırılması, yəni, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması lazımdır. İşğalçı qüvvələrin çıxarılması cədvəlinin razılaşdırılması danışıqların predmeti olmalıdır. Monitorinq məsələsini qoşunların çıxarılması və qovulmuş əhalinin geri qaytarılması kontekstində nəzərdən keçiririk. Bu istiqamətdə növbəti fəaliyyət ərazilərin azad edilməsi ilə sinxronlaşdırılmalıdır", -deyə Azərbaycan XİN başçısı vurğulayıb.

Azərbaycanın xarici işlər naziri erməni həmkarı ilə görüşün mümkünlüyünə münasibət bildirib

“Həmsədrlər bu ilin payızında Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etmək istəyirlər. Lakin Ermənistanın fəaliyyəti faktiki olaraq həmsədrlərin səylərini sıfıra endirib”.

Bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gedişatını Azərbaycanın necə qiymətləndirməsi ilə əlaqədar suala cavabında bildirib. 

Nazirin sözlərinə görə, Ermənistanın münaqişənin nizamlanması prosesini pozması təkcə iyulun 12-də baş verən hərbi hücumla məhdudlaşmır: "Bu ölkənin rəhbərliyi müharibənin nəticələrini möhkəmləndirməyin vacibliyini, ərazilərin azad edilməsinin mümkünlüyünün istisnalığını bəyan edərək, Azərbaycanın yaşayış məntəqələrinə zərbələr endirməklə hədələyərək, işğal altındakı ərazilərə qanunsuz köçürülmə siyasətini davam etdirərək danışıqların bərpa olunması şansına zərbə vurur. Ermənistan tərəfinin bu aqressiv bəyanatlarının və təxribatçı addımlarının siyahısını davam etdirmək olar. Bu cür şərtlərdə XİN başçılarının görüşünün tarixi haqqında danışmaq tez olardı.

ATƏT-in Minsk Qrupu həmsədrlərindən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsində və 1994-cü ildə ATƏT-in Budapeşt Sammitinin qərarında nəzərdə tutulduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və silahlı münaqişənin digər nəticələrinin aradan qaldırılması ilə bağlı Ermənistan tərəfinin əsaslı danışıqlar aparmağa hazır olmasının təminatını gözləyirik. Bu cür razılaşmaların həyata keçirilməsi siyasi məsələlərə daha sonra baxmağa başlanılmasına imkan verəcək".

.