Rusiya tərəfindən Düşənbədə üzrxahlıq edilməsi münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addım hesab olunur.

Bunu "Report"a müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluq, bərabərhüquqlu dialoq, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır:

"Son bir ilə yaxın müddətdə Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğramasının və Rusiya tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur. Bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyimiz, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün əhəmiyyət kəsb etdiyi tərəfimizdən dəfələrlə vurğulanıb".

A.Hacızadə əlavə edib ki, Düşənbədə oktyabrın 10-da MDB Dövlət Başçıları Şurasının iclasında iki ölkə prezidentləri arasında keçirilmiş görüş, Rusiya tərəfindən verilən açıqlamalar, təyyarənin məhz Rusiya silahlı qüvvələrinin səhvi nəticəsində vurulmasının etiraf olunması və üzrxahlıq edilməsi münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addım hesab olunur:

"Rusiyadakı Azərbaycan diasporasının üzvlərinin hüquqlarının müdafiəsi üçün XİN və səfirlik, eləcə də baş konsulluqlarımız vasitəsilə hər zaman davamlı və sistemli addımlar atılır. Saxlanılan və ya həbs edilən vətəndaşlara qanunvericilik çərçivəsində hüquqi yardım və konsulluq dəstəyi hər zaman göstərilir".

.