BMT-nin Baş katibi Pan Gi Mun Cenevrə-2 konfransında Suriya XİN rəhbəri Valid Müəllimin çıxışını yarımçıq kəsib. O, bu hərəkətini nazirin verilən limiti keçməsi ilə əlaqələndirərək, 10 dəqiqədən çox danışdığını bildirib. Müəllim isə cavab olaraq deyib ki, Pan Gi Munun öz çıxışı 25 dəqiqə çəkib.
Müşahidəçilərin fikrincə isə Pan Gi Munun bu hərəkətinin səbəbi nazirin terrorçuları və onları dəstəkləyənləri sərt şəkildə tənqid etməsi olub. Müəllim hökumətə qarşı çıxaraq «Böyük Suriya İnqilabını» şüarı altında cinayət törədənləri və onların xarici havadarlarını ifşa edərkən deyib: «Burada əyləşən şəxslər arasında Suriya xalqının qanına əlləri bulaşanlar var. Onları ölkəni çirkaba batırıblar. Ancaq indi artıq maskaları çıxıb, rüsvay olublar, artıq onların nə üçün çalışdığı hamıya aydındı. Onların əsas hədəfi ölkədə vəziyyəti gərginləşdirməkdir. Bu məqsədlə neft dollarlarını muzdurlara ötürür, özlərini barbar kimi aparır və Sruiya inqilab hədəfləri pərdəsi altında gizlənirlər».
O, ölkəsinə axın-axın gələn səudiyyəli, çeçen və türklərin Suriya xalqı üçün necə cəfakeş olduqlarını anlamadığını dedi: «Dollarlar vasitəsi ilə vəhabilərin ölkəyə ixracı başlanıb. Suriya ilə heç bir əlaqəsi olmayan bu insanlar qadınlara təcavüz edir, uşaqları öldürür, başlarını kəsir və küççələrdə asırlar. Nəyə görə, Suriyaya göndərilən terrorçuları və onların havadarlarını heç kəs qınamır».
Suriya XİN rəhbəri demokratiya iddiaçılarının sözü yalnız güllə ilə dediklərini bəyan edib.
BMT Baş katibi Müəllimin ifşaedici çıxışından sonra nitqi yarımçıq saxlayaraq, ona daha sonra söz verəcəyini bildirib. O, həmçinin nazirə nitqində ancaq ittihamlar olduğunu deyib.
Müəllim isə – «Mən Suriyada yaşayıram, sən isə Nyu-Yorkda. Ona görə izn ver Suriyada baş verən həqiqətlər barədə mən açıqlama verim» - deyərək nitqinə davam edib.
Xatırladaq ki, Cenevrə-2 konfransı bu gün İsveçrənin Montryö şəhərində başlayıb. Görüş yanvarın 24-nə kimi davam edəcək.
.