Çexiya polisi ötən gün Çarlz Universitetində baş vermiş qətliamın detallarını açıqlayıb.

 “Guardian”n xəbər verir ki, ötən gün saat 12:26-da qatilin dostu ondan intihar edəcəyi ilə bağlı SMS qəbul etməsi barəsində polisə məlumat verib.

Saat 12:47-də polis qatilin evinə baxış keçirib və bu zaman ölmüş şəxs aşkarlayıb. Bir qədər sonra onun qatilin atası olduğunu müəyyən edib. Saat 13:15-də polis bütün ölkə ərazisində axtarış elan edib. 13:39-da polis qatilin universitetlərdən birinin kampusuna yola düşdüyünü müəyyənləşdirib. 14:22-də polis kampusun təxliyəsinə başlayıb. Lakin 14:59-da yaxınlıqdakı kampusda atışma başlayıb və bir neçə dəqiqə sonra polis hadisə yerinə gəlib. 15:11-də qatil binanın damına çıxıb və 15:20-də istifadə etdiyi silahdan atəş açaraq intihar edib.

Məlumata görə, polis qatilin ötən həftə Klanovitse meşəsində ata və körpəsinin qətlə yetirilməsi ilə mümkün əlaqələrini araşdırır. Qətliam törədən şəxsin ikisi uzunmənzilli olmaqla 8 silah üçün lisenziyası olub. Onun universitetə özü ilə neçə silah gətirməsi hələ ki qeyri-müəyyəndir.

Xatırladaq ki, dekabrın 21-də Praqada Çarlz Universitetinin Fəlsəfə fakültəsində baş vermiş atışma nəticəsində 15 nəfərin həlak olduğu, 10-u ağır olmaqla 30 nəfərin yaralandığı bildirilib.

.