Çempionlar Liqasında (ÇL) V tura yekun vurulub.

Turun ikinci oyun günündə 4 qrupda 8 matç keçirilib.

Baş tutan qarşılaşmaların ardından daha bir komanda 1/8 finala vəsiqəni təmin edib. Ötən turda “Çelsi”, “Sevilya”, “Barselona”, “Yuventus”, “Bavariya”, “Mançester Siti”, dünən isə “Liverpul”la “Porto” növbəti mərhələdə iştirak hüququ qazanmışdılarsa, onlara bu gün Dortmund “Borussiya”sı da qoşulub.

E qrupunda “Sevilya” üzərində səfərdə böyükhesablı qələbə “Çelsi”ni 1-ci pillədə əlçatmaz edib. “Renn”i üstələyən “Krasnodar” isə qrup üçüncüsü kimi Avropa Liqasında iştirakı rəsmiləşdirib.

F qrupunda “Latsio” ilə bərabərə qalan Dortmund “Borussiya”sı 1/8 finala adlamağı təmin edibsə, almanlara kimin yoldaş olacağına son turda İtaliya klubu ilə “Brügge” öz arasında müəyyənləşdirəcək.

G qrupundakı matçlar formal xarakter daşısa da, “Barselona” və “Yuventus” növbəti 3 xalı aktivlərinə yazdırmaqda çətinlik çəkməyiblər. Bu iki nəhəng klub son turda kimin birinci yeri tutacağına İspaniyada aydınlıq gətirəcək.

Ən gərgin mübarizə H qrupunda gedir. Bol qollu qarşılaşmada “Başakşəhər”i Türkiyədə məğlub edən “Leypsiq” şansını son tura daşımağa müvəffəq olub. “Mançester Yunayted” üzərində səfər qələbəsi qazanan PSJ həm revanşı alıb, həm də vəziyyətini yaxşılaşdırıb. Son tur öncəsi “Mançester Yunayted”, PSJ və “Leypsiq” eyni sayda xala malikdir.

Qeyd edək ki, turun digər 8 oyunu dekabrın 1-də keçirilib.

.