2016-cı il iyulun 15-də axşam saatlarında “Fətullahçı Terror Təşkilatı” (FETÖ) ölkəmin millətinə və hökumətinə qarşı qanlı çevrilişə cəhdi etdi. Məqsədləri yalnız liderləri Fətullah Gülənə sadiq radikal, fundamentalist bir rejim qurmaq idi.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözügedən hadisələrə həsr olunmuş məqaləsində deyilir.

“Qiyamçılar 251 günahsız dinc sakini öldürüb, minlərlə insanı yaralayıb. Həmin gecə türk xalqı canı bahasına demokratiyanı müdafiə etdi. Bu qəhrəmancasına cavab qiyamçıların əvvəlcədən görmədiyi bir şey idi. Çevriliş cəhdi uğurlu olsaydı, bu gün çox fərqli bir Türkiyə olardı. Demokratiya olmazdı, əsas hüquq və azadlıqlar dondurulardı. Ölkə ekstremist hökumətin əlinə keçəcəkdi”, - nazir qeyd edib.

Məqalədə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin hələ də ABŞ-da yaşadığı, Türkiyə hökumətinin illərdir onun ABŞ-dan, FETÖ-çuların isə Avropa ölkələrindən ekstradisiyasını tələb etdiyini, lakin bu müraciətlərin hələ də yerinə yetirilmədiyi vurğulanır.

“Bundan əlavə, dünyanın digər yerlərində getdikcə daha çox hökumətlər bu terror təşkilatının onlar üçün yaratdığı təhlükəni anlayır və lazımi addımları atır. Nəticədə bir çox ölkədə FETÖ üzvləri dövlət və özəl sektordan təmizlənir. Terrorun milliyyəti, etnik mənsubiyyəti, dini yoxdur. Bu təhlükə bütün bəşəriyyəti təhdid edir. Ona görə də bu təhlükəyə cavab həm də vahid və qəti olmalıdır. Beynəlxalq ictimaiyyətin terrorla mübarizədə Türkiyə ilə həmrəy olmasını gözləyirik”, - nazir vurğulayıb.

.