Sumqayıt Apellyasiya Məhkəməsi qanunsuz ləğv edilmiş "Bakı Quşçuluq" ASC-nin səhmdarı Tahir Axundovun iddiası əsasında baxılacaq məhkəmə işini təxirə salıb. Səbəb kimi isə cavabdehin nümayəndəsinin xəstələndiyi əsas gətirilib. Abşeron rayonu Xırdalan qəsəbəsində 46 ha ərazidə yerləşən "Bakı Quşçuluq" ASC-nin 93.36 faiz payla nəzarət səhm paketinin sahibi Azərbaycan Beynəlxalq Bankının (ABB) prezidenti Cahangir Hacıyevə bağlılığı olan "Xəzər Menecment Sistems" MMC və daha 119 minoritar səhmdarı olub. 2011-ci ilin iyulunda müəssisənin illik ümumi yığıncağı çağırılıb, iclasın gündəliyində olmadığı halda idarə heyətinin yeni sədrini seçiblər. 5 ildə bir iclas keçirən müəssisə rəhbərliyi həmin il ikinci növbədənkənar yığıncağını sentyabrın 30-na çağırıb. Səhmdarlarının müəssisənin talandığının şahidi olmamaları üçün iclası cəmiyyətdən kənarda keçiriblər. Müəssisənin ümumi qiymətləndirilməsi tarixi isə bundan 7 ay əvvələ təsadüf edir. Səhmdarlar belə bir sövdələşmədən xəbərsiz olublar.
Avqustun 19-da, yəni müəssisənin ləğvi ilə bağlı çağırılan ümumi yığıncaqdan 40 gün əvvəl 36 ha-ya yaxın torpaq sahəsi AZAL prezidenti Cahangir Əsgərovun rəhbəri olduğu Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) keçmiş vitse-prezidenti Tofiq Heydərovun təsisçilik etdiyi eyniadlı "AAAF-İnşaat" MMC-yə 9.6 mln. manata, 3 gün sonra müəssisənin avadanlıqları 744128 manata satılıb. Daşınar, daşınmaz əmlak da dəyərindən xeyli ucuz balansdan çıxarılıb. Baxmayaraq ki, müəssisənin bütün əmlakı satılıb, ləğvetmə prosesi bundan sonra - sentyabr ayının 30-da gerçəkləşib. Müəssisənin səhmdarları ilə məsləhətləşmədən götürdükləri kredit borcları, vergilər və digər xərclər çıxıldıqdan sonra 4.6 mln. manat səhmdarlar arasında, hər səhmə 12 manat müəyyənləşərək bölüşdürülüb. 4.4 mln. manat 364471 səhmi olan paket sahibi "Xəzər Menecment Sistems" MMC-yə çatıb, satışdan əldə olunan vəsaitin cəmi 311672 manatı isə sayı 80-ə enmiş xırda səhmdarlar arasında bölünüb.

Ucuz müqavilənin görünməyən tərəfi

Beləliklə, müəssisənin əsas varidatı "Xəzər Menecment Sistems"ə çatıb, T.Axundova ümumilikdə 10.3 milyon manatdan cəmi 11 min manat təklif edilib. Lakin o, pulu götürməkdən imtina edib, məhkəməyə üz tutub. İndiyə qədər də məhkəmələrdədir. Səhmdara görə dəyərləndirmə düzgün aparılmayıb, satış qiyməti real deyil. Torpaq satışa çıxarıldığına görə əvvəlcə müəssisənin Nizamnamə kapitalı artırılmalı, sonra bazar dəyərinə satılmalıydı. Buna əməl olunmadığı üçün də vəsaiti səhmlər üzrə böləndə cüzi məbləğ alınır. Bu səbəbdən də səhmlərinə düşən əmlakı natura şəklində istəyir, puldan imtina edir. Səhmdarın hesablamalarına görə həmin ərazidə 0,08 ha torpaq sahəsi onun şəxsi mülküdür. Müraciət etdiyi əmlak mütəxəssisləri müəssisəni bundan dəfələrlə baha qiymətləndiriblər. Qiymətləndirmədə müəssisənin yerləşdiyi "Quşçuluq" massivində fərdi yaşayış evi təyinatlı 0,1 ha torpağın bazara təklif olunan dəyəri 8-10 min manat ətrafında olub. Hazırda qiymət bundan təxminən 20 faiz bahadır. Əmlak eksperti 2011-ci il qiymətilə hesablayaraq belə nəticəyə gəlib ki, ASC-nin əmlakı dəyərindən 2-3 dəfə ucuz satılıb. Qiymətlərin isə bu şəkildə tətbiqi səhmdarlarla bərabər pay bölgüsündən yaxa qurtarmaqla yanaşı vergidənyayınmaya da xidmət edib.

Quşçuluq fabrikinin ABB ilə uzun sürən əməkdaşlığı iflas ilə nəticələnib

Quşçuluq fabriki durduğu yerdə dəyərindən xeyli ucuz satılmayıb. "Bakı Quşçuluq" ASC və "AAAF İnşaat" MMC arasında bağlanan məlum 19 avqust 2011-ci il tarixli alqı-satqı müqaviləsində yazılanlara inansaq, belə nəticəyə gəlinir ki, müəssisə ABB-dən bir neçə dəfə kredit götürüb və sonuncu kredit müəssisənin daşınar-daşınmaz əmlakı satıldıqdan sonra ödənib. ASC-nin krediti geriyə ödəmək qabiliyyətli olmadığını elə ilk ayırmalardan sonra da bank mütəxəssisləri aydınlaşdırmışdılar. Mübahisə məhkəmə yolu ilə həll edilmişdi. Lakin Beynəlxalq Bank bundan sonra da müəssisəyə kreditlər verib. Cəmiyyət ABB qarşısında yenidən borclanıb. İpotekada olan müəssisənin bütün əmlakı banka aid idi. Bundan sonra səhmdar cəmiyyət dəfələrlə bank qarşısında borclandırılıb və son nəticədə dəyərindən ucuz satılaraq ilk növbədə banka olan borclar ödənilib.
ABB-dən də müəssisə ilə münasibətdə "səhlənkarlığa yol verildiyi" danılmır. "Bakı Quşçuluq"la borcverən və borcalan qismində əməkdaşlıq olunduğunu deyən bank rəsmiləri müəssisənin hələ 99-cu ildə səhmlərini girov qoymaqla ABB-dən kredit götürdüyünü bildirirlər. Müəyyən edilmiş müddətdə kredit banka qaytarılmadığından ABB gecikdirilən borcu geri tələb edib. Bunun nəticəsiz qaldığı səbəbindən məhkəməyə müraciət edilib. Səhmlərə yönəldilmiş tələb iddiası məhkəmə tərəfindən təmin olunduqdan sonra səhmlər hərrac vasitəsilə realizə edilib və Bank kreditini faizi ilə geri alıb. Hazırda həmin ərazidə "AAAF İnşaat" tərəfindən tikinti işləri həyata keçirilir və tikinti işləri yenə də ABB-nin verdiyi kredit əsasında görülür. Kreditin ipoteka təminatı mübahisəli torpaq sahəsidir.
T.Axundov çoxsaylı məhkəmələrə getməklə söhbətigedən 30 sentyabr tarixli iclas protokolunun ləğvinə nail olmağa çalışır: "Müəssisənin əmlakı və torpağının satışı barədə məsələ ümumi yığıncağın müzakirəsinə çıxarılmayıb. Baxmayaraq ki, satış məbləği nizamnamə kapitalından dəfələrlə çoxdur. Qərar qəbulundan sonra mülk və əmlak bazar qiyməti ilə satılmalı, ləğvetmə gerçəkləşdirilməli, satışdan əldə olunan məbləğ səhmdarlar arasında bölünməliydi. 30 sentyabr iclasında ləğvetmə komissiyası yaradılıb və komissiya aralıq ləğvetmə balansı hazırlayaraq qanunvericiliyin əksinə, onu özü təsdiq edib. Halbuki, ləğvetmə balansını ya ümumi yığıncaq təsdiq edə bilər, ya da ona vəkil olmuş təşkilat. 19 avqust tarixli alqı-satqı müqaviləsi cəmiyyətin ləğvi qərarı alınan məlum yığıncaqdan ay yarım əvvəl bağlanıb".

Müəssisəni ləğv edib satmaq əvəzinə satıb sonra ləğv elədilər

Həftəsonu T.Axundovun müraciəti ilə məlum 30 sentyabr tarixli iclas protokolunun ləğvi və bütün səlahiyyətlərin yenidən SC-yə qaytarılması ilə bağlı məhkəmə iclası keçirilməliydi. Lakin səhmdar məhkəmənin təxirə salınmasında obyektiv səbəb görmür: "Keçən dəfə məhkəmə iclasına gəlmişdilər və məhkəmə baxışı keçirilmişdi. Onlardan torpağın və əmlakın alqı-satqı müqavilələri, əmlakın qiymətləndirmə sənədləri, ləğvetmə ilə bağlı yığıncağın protokolları istənilmişdi. Tələb olunan sənədləri hakimə təqdim etməyiblər. Qarşı tərəf telefonla zəng edib, gələ bilməyəcəyini söylədi. Odur ki, sənədlərin surətini məhkəməyə özüm təqdim etdim. Mən sübut etməyə çalışıram ki, sentyabrın 30-da müəssisədə əmlak yox idi ki, onun da qiymətləndirməsi aparılsın. Həmin vaxta qədər müəssisəni satıb-sovub talan eləmişdilər. İclas isə quru kağız üzərində apardıqları qanunsuz əməliyyatlara hüquqi don geydirmək üçün idi. Alqı-satqı müqavilələri onların qanunsuz əməllərini təsdiqləyir. Bundan başqa, protokolda qərar qəbul olunmuşdu ki, ləğvetmə 2 ay müddətində başa çatdırılsın. Amma cəmiyyətin ali idarəetmə orqanı olan ümumi yığıncaqda qəbul etdikləri qərarı da pozaraq iclas vaxtını 5 ay sonraya qədər uzatdılar. Halbuki, orada heç 2 ay müddətə də gərək qalmırdı. Çünki ortada əmlak yox idi ki, onun üzərində də "baş sındırıb" qiymətləndirilməsi aparılsın. Sənədlər sübut edir ki, 30 sentyabr iclasına qədər müəssisədə heç nə qalmamışdı. Mülki Məcəlləyə görə ləğvetmə təyin olunan vaxtda başa çatmalıydı. Amma onlar burada da qanunvericilikdən kənara çıxıblar. Başları müəssisəni satıb pullarını mənimsəməyə qarışıb, 5 ay sonra yadlarına düşüb ki, bəs ləğvetmə iclası da keçirməliymişlər, amma vaxtından 3 ay ötüb".

"Hamısının qollarını qandallayırlar..."

Hələlik növbəti məhkəmə iclası təyin olunmayıb. T.Axundov hesab edir ki, kollektivin, səhmdarların dövlət qurumlarına müraciətləri, KİV-in problemi diqqətdə saxlamasından sonra hökumət bu işə ciddi yanaşmaq qərarına gəlib. Cənab Axundov məhkəmənin təxirə salınmasında xəstəliyin bəhanə olduğu qənaətindədir. Amma cavabdeh tərəfin məhkəmədən qaçmağına əsası olduğunu deyir. Onun fikrincə, hazırda "Bakı Quşçuluq" ASC-nin mülkünü qanunsuz ələ keçirmiş "AAAF İnşaat" MMC-nin başında "qara buludlar dolaşmağı" onunla əlaqəsi olanları da ehtiyatlı olmağa vadar edir: "Yəqin hamısının qollarını qandallayırlar deyə, döyüş meydanından qaçıb hərəsi bir tərəfdə gizlənib. Artıq mətbuat da yazır ki, onları dövlət qurumları korrupsiyaya qarşı yoxlayır, məsələ ciddi bir mərhələyə qədəm qoyub. Vaxtında xəbərdar etdim ki, haqqımı verin, mənə çatacaq paydan güzəştlər də etdim. Amma problemi həll etməkdənsə, qaçmağa üstünlük verdilər. "AAAF İnşaat"ın direktoru Tofiq Heydərovun həbsi ilə bağlı ehtimal yalana oxşamır. Əks halda qəzetdə yazılanı ya təkzib edərdilər, ya da hüquqi addımlar atardılar. Bunları etmədiklərinə, susmağa üstünlük verdiklərinə görə yazılanlarda həqiqət var. Heydərovun verdiyi deyilən cəmi bir müsahibə ilə camaatı çaşdırmağa çalışırlar. Bəs başqa qəzetlər niyə Tofiq Heydərovla müsahibə dərc etmədi? Şəklin də tarixi yoxdur, bilək ki, həqiqətən müsahibə yaxınlarda olub, ya yox. Görünür, susmaq hələlik onlara sərfəlidir".

Tofiq Heydərovun adı var, bəs özü haradadır?

Şirkəti AZAL prezidenti Cahangir Əsgərov kimi yüksək çinli məmurun himayə etməsi proseslərin məcrasını bir qədər dəyişir. Hər halda burada hadisələr "Sevil Massivi"ndə olduğundan fərqli inkişaf edir, baxmayaraq ki, "vəhhabi faktoru" istisna edilmir.
T.Heydərovun köməkçisi Ruslan "Bizim Yol"a bildirdi ki, "AAAF İnşaat"ın baş direktorunun saxlanılması xəbəri doğru deyil, prokurorluğa da çağırılmayıb. Dedi ki, bu haqda yazan KİV-ləri məhkəməyə verəcəklər, artıq hüquqi addımlara başlanılıb. Soruşdum "sabah gəlsəm, Heydər müəllimi görə bilərəmmi?" Qeyri-müəyyən cavab verdi : "Burada olsa, görərsiz". Onda mən T.Heydərova redaksiyaya zəng etməsi üçün köməkçisi vasitəsilə ismarış göndərdim. Və qarşı tərəfi bir balaca da təhrik etdim: "Əgər həbsdə deyilsə, mütləq keçən dəfəki kimi mənə zəng edəcək".
Amma cənab Heydərov zəng eləmədi. "AAAF Park"dakı supermarketin açılışında da şəxsən TV-də Heydərovu görmədim. Şirkətin öz web-saytında "AAAF İnşaat" MMC-nin rəhbəri kimi Pərvin Əliyev təqdim edilir və yazıda onun açılış mərasimindən çıxışı qeyd edilir. Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədovanın çıxışından da bir cümlə verilib və hər ikisinin yanaşı şəkli var. Saytda Heydərovun sonda sakinləri təbrik etdiyi bildirilsə də, bir dənə də olsun görüntüsü yoxdur. T.Heydərovun prokurorluqda dindirilməsi hələlik rəsmi olaraq təsdiqlənməsə də, hazırda ortalıqda görünmür. Açılışı sentyabrda planlaşdırılan marketin isə tez-tələsik sakinlərin istifadəsinə verilməsi deyilənlərin şayiə olduğu görüntüsünü yaratmağa xidmət etdiyi bildirilir.
.