Birləşmiş Ərəb Əmirliklərinin aparıcı ərəbdilli rəsmi dövlət qəzeti olan ”Ettihad” qəzetində BƏƏ-li jurnalist Mahmud İsmayıl Badrın "Şeyx Zayed İrsi Festivalında Azərbaycan pavilyonu. Odlar yurduna səyahət” sərlövhəli yazısı dərc olunmuşdur.
Abu Dabi şəhərində keçirilən Şeyx Zayed İrsi Festivalında ölkəmizin iştirakına həsr edilmiş məqalədə Azərbaycan pavilyonunda nümayiş etdirilən milli adət-ənənələrmiz, müxtəlif yaş təbəqələrinə aid kişi və qadın milli geyimlərimiz, onların xüsusiyyətləri, istifadə olunan naxışlar, eyni zamanda sərt qışı ilə seçilən Xınalıq kəndindən gətirilmiş yun paltarlar və şallar haqqında məlumat verilmişdir.
Pavilyonun xalça guşəsindən yazan jurnalist burada Azərbaycanın xalça muzeyində saxlanılan xalçaların prototiplərinin yer aldığını qeyd etmiş, muzey barəsində məlumatlar vermişdir. Bildirilmişdir ki, 1967-ci ildə yaradılmış muzeydə Azərbaycanın bütün bölgələrindən qədim və yeni toxunmuş xalçalar, zinət əşyaları olmaqla ümumilikdə 14 min eksponat saxlanılır.
Yazıda bildirilmişdir ki, Azərbaycan Körfəz ölkələrindən olan turistlər üçün ən sevilən məkanlardan biridir. Ölkəmizdə ərəb turistlərinə turizmin hər fəslə uyğun bütün növləri təqdim edilir. Azərbaycan dövləti tərəfindən yeni yaradılmış müxtəlif sanatoriyalar, müalicə müəssisələri barədə məlumatlar verilmiş, Naftalan və Duzdağ müalicə mərkəzləri xüsusi qeyd olunmuşdur. Dini abidələrin turistlər üçün cəlbedici olduğunu qeyd edərək, Bibi Heybət məscidinin qədim tarixi barəsində bəhs edilmişdir. Müəllif Azərbaycana səfər edən turistlərin ölkəmizin tarixi ilə maraqlandığını, Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilən Azərbaycanlıların ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban verdiyini bildirmişdir.
BƏƏ-li jurnalist tərəfindən yazılmış məqalədə pavilyonda Azərbaycan çayı guşəsinin Fuad Mahayev tərəfindən təqdim edildiyi vurğulanmışdır. Çayın Azərbaycanın cənub regionunda, əsasən Lənkəran və Astara rayonlarında bitdiyi, bu ərazinin əvəzolunmaz təbiəti, flora və faunası, ləziz mətbəxinin olduğu qeyd edilmişdir.
Pavilyonda fındıq, badam və digər quru meyvələrin də yer aldığı qeyd olunmuş, bu məhsulların insan orqanizmi üçün faydalarından bəhs edilmişdir. Eyni zamanda Azərbaycan şirniyyatları, paxlava, halva, şəkərbura, badambura barədə məlumat verilmişdir.
Azərbaycanın zəngin mədəni irsini qeyd edən yazar Şirvanşahlar Sarayı, Diri Baba mavzoleyi, Cümə məscidi və digər tarixi abidələri qeyd etmişdir.
Məqalənin sonunda Azərbaycanın paytaxtı yaxınlığında yerləşən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan yazaraq, bu təbiət abidəsinin Odlar Yurdu adlanan Azərbaycanın simvollarından biri olduğu vurğulamışdır.
Məqalənin tam mətni ilə aşağıdakı keçiddə tanış olmaq olar.
https://www.alittihad.ae/article/82353/2018/في-مهرجان-الشيخ-زايد-التراثي--جناح-_أذربيجان_--رحلة-الموروث-بـ_أرض-النار_
.
