Biz Birləşmiş Ərəb Əmirliyi olaraq səmimi şəkildə öz təcrübəmizi sizinlə bölüşməyə hazırıq.
Bunu Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “Azərbaycan təbiəti” kitabının təqdimat mərasimində deyib.
"Bildiyiniz kimi bu il Birləşmiş Ərəb Əmirliyi COP-28-ə ev sahibliyi etdi. Bununla da Birləşmiş Ərəb Əmirliyi sübut etdi ki, təbiəti qorumaq üçün biz birləşə və onun mühafizəsi istiqamətində iş görə bilərik. Təbiət özü özlüyündə həyatdır. Onu daha yaxşı qorumaq elə daha yaxşı həyat deməkdir. İnsanlar təbiəti çirkləndirməyə, istehlak etməyə davam edirlər. Lakin biz hamımız təbiətin dəyərini və onunla harmoniyada yaşamağı bilməliyik", - səfir bildirib.
O qeyd edib ki, Azərbaycan nümayəndə heyətini və Prezident İlham Əliyevi COP-28-də qəbul etmək BƏƏ üçün böyük şərəf idi.
“Eyni zamanda COP-29-un təşkilatçılığı ilə bağlı qardaş ölkə Azərbaycana uğurlar bildirmək istəyirəm. Şübhə yoxdur ki, Azərbaycan bu təşkilatçılığı uğurla həyata keçirəcəkdir", - deyə o qeyd edib.
.