ABŞ İranın 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planına yenidən qoşulmasını əbədi gözləməyəcək.

Bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib.

“Biz İran rəhbərliyinə Birgə Hərtərəfli Fəaliyyət Planına daxil olmaq üçün nəyi qəbul etməyə hazır olduğumuzu bildirmişik və cavab gözləyirik. Cavabın nə vaxt gələcəyi qeyri-müəyyəndir, lakin biz əbədi gözləməyəcəyik”, - Bayden əlavə edib.

Bayden vurğulayıb ki, ABŞ heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan yaratmayacaq: “Bu, İsrailin, ABŞ-ın və dünyanın qalan hissəsinin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır”.

ABŞ Prezidenti qeyd edib ki, o, bu prosesdə diplomatiyanın ən yaxşı yol olduğuna inanır: “Lakin eyni zamanda, “Hizbullah” kimi təhdidlərə qarşı mübarizə üçün İsraillə işləməyə davam edirəm”.

Qeyd edək ki, ABŞ Prezidenti və İsrail Baş nazirinin görüşündə iştirak etmiş yüksək səviyyəli mənbə bildirib ki, görüş zamanı Baş nazir Lapid deyib ki, Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmaq üçün nüvə danışıqları uzun zaman davam edə bilməz və bunun üçün son tarix olmalıdır.

.