İbtidai araşdırma məlumatlarının yayılması yolverilməzdir.
Bu barədə Baş Prokurorluğun vətəndaşlara müraciətində deyilir.
Müraciətdə qeyd olunub ki, ibtidai araşdırma məlumatları cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.
İbtidai araşdırma zamanı müstəntiq və ya təhqiqatçı şahidə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə, onların nümayəndələrinə, mütəxəssislərə, ekspertlərə, tərcüməçilərə, hal şahidlərinə, müdafiəçilərə və digər şəxslərə onların razılığı olmadan ibtidai araşdırma məlumatlarının yayılmasının, o cümlədən cinayət prosessual qanunvericliklə nəzərdə tutulmuş hallarda və qaydada əldə edilmiş prosessual sənədlərin surətlərinin prosessual məqsədlərdən kənar yayılmasının yolverilməzliyi barədə yazılı xəbərdarlıq edir.
Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı ilə yol verilir.
Müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması inzibati xəta hesab edilir, fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın aparılmasına mane olduqda, yaxud maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda cinayət hesab edilir və 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların mediada dərc edilməsi (yayımlanması) inzibati xəta hesab edilir, vəzifəli şəxslər min manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə cərimə edilir.
.