Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başlanması ilə bağlı qanun layihəsini parlamentə göndərmək qərarı hüquqi cəhətdən məcburi addımdır və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq təşəbbüsü kimi qiymətləndirilməlidir.

Bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O qeyd edib ki, Ermənistanın Aİ ilə mümkün yaxınlaşması barədə müzakirələr artıq çoxdan aparılır və bu fonda Rusiya biznesi artıq bəzi istiqamətlərdə Ermənistan bazarında əməliyyatları azaltmağa başlayıb.

"Onlar Aİİ-dən çıxmağı planlaşdırmadıqlarını deyirlər. Bəs mövcud vəziyyətin özəlliyi nədir? Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması barədə söhbətlər çoxdan gedirdi. Müzakirələr aparılırdı, lakin 2025-ci il yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə qoşulma prosesinin başlanması haqqında qanun layihəsini dəstəkləyərək hüquqi cəhətdən əhəmiyyətli addım atdı. Bu vəziyyətin özəlliyi bundadır. Bu, Ermənistan hökumətinin qərarı idi və biz onu Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk", - Overçuk qeyd edib.

.