Bakının Yasamal rayonunun İnşaatçılar prospektində mikromobillik zolağı təşkil edilir.

Bu barədə Yenizaman Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, daha öncə Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsində təşkil edilən mikromobillik şəbəkəsi uzadılır və hazırda işlər İnşaatçılar prospektində aparılır.

İnşaatçılar prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinə kimi mikromobillik zolağı yaradılarkən hərəkət zolaqlarının ölçüləri standartlara uyğunlaşdırılıb və sayı dəyişməz olaraq qalıb.

Bildirilib ki, bu prospektdə aparılan təhlillər nəticəsində piyadaların rahatlığı və təhlükəsizliyi üçün tələbat olan yerlərdə yeni eynisəviyyəli piyada keçidləri də təşkil olunacaq. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının quraşdırılmasına başlanılacaq.

Növbəti mərhələdə mikromobillik zolaqlarının davamlılığının təmin edilməsi və şəhərin mərkəzi küçələrində mövcud olan zolaqlarla əlaqələndirməsi nəzərdə tutulur.

 

.