Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən il dekabrın 25-də yerinə yetirdiyi J2-8243 nömrəli Bakı–Qroznı reysində həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində AZAL-ın və hava limanının rəhbərliyi, o cümlədən aeroportda xidmət göstərən qurumların işçiləri iştirak ediblər.

"Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau şəhərindən təxminən 3 km məsafədə qəzaya uğrayıb. İlkin araşdırmaya əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sisteminin hücumuna məruz qalıb.

Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Qəzada kapitan İgor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.

.