Bakının ən iri küçələrindən olan Alfred Nobel prospektində avtomobillərin hərəkət dayanıb. AzNews.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, prospektdə aparılan təmir işləri ilə əlaqədar yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Əsas problem prospektin AFFA-nın inzibati binasının yaxınlığından başlanıb.
Əməkdaşımızın sözlərinə görə, tıxac o həddə çatıb ki, avtobuslarla gedən sərnişinlərin böyük hissəsi piyada şəhərə tərəf istiqamətləniblər.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AzNews.az-a açıqlamasında bildirib ki, küçənin bağlanmasına səbəb prospektdə geoloji kəşfiyyat işlərinin aparılmasıdır: "Hazırda Nobel prospektində "Azərsu” və müvafiq qurumlar tərəfindən yolun çökməsinin səbəbləri araşdırılır. Bu məqsədlə kəşfiyyat işlərinə başlanılıb”.
P. Mürsəliyev yolun nə zaman tam istismara veriləcəyi ilə bağlı sualı isə belə cavablandırıb: "Bunu bizdən deyil, "Azərsu”dan soruşun”.
Məsələ ilə bağlı "Azərsu”nun mövqeyini öyrənməyə çalışırıq.
.