BMT Baş Assambleyası 2005-2015-ci illəri "Su - həyat üçündür!” devizi altında beynəlxalq fəaliyyət onilliyi elan edib. Başqa ölkələri bir kənara qoyaq: Azərbaycanda bu sahədə vəziyyət necədir?
İlk baxışda biz dünyada ən ön yerlərdən birindəyik. Yeni Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, Samur-Dəvəçi kanalı yenidən qurulur, Ekologiya və Təbii Sərvətlər Nazirliyi "İçməli su” Milli Fəaliyyət Planı hazırlayıb və s.
Dünya Bankı ekspertlərinin hesablamalarına görə, Azərbaycanın su təchizatı sistemini dünya standartları səviyyəsinə çatdırmaq üçün 10 milyard dollara yaxın vəsait lazımdır. Son 8 ildə, 2005-ci ildən başlayaraq dövlət büdcəsindən bu məqsədlə artıq 2,1 milyard manat (2,6 milyard dollar), yəni həmin vəsaitin 1/3 hissəsi ayrılıb. Bəs bunun müqabilində hansı suyu içirik?
Əvvəllər Bakının əksər hissəsi Şollar suyu içirdi (Kürdən su xəttini sonradan çəkdilər). Şəhərin digər rayonları isə ya Şollar suyu qarışdırılmış Ceyranbatan suyu içirdi, ya da 100 faiz Ceyranbatan suyu.
Amma heç Samur-Dəvəçi kanalının bir hissəsi olan Ceyranbatan anbarının suyu da pis deyildi. Çünki bu su əvvəla, Azərbaycanın ən təmiz dağ çaylarından olan, heç bir sənaye tullantısı ilə çirklənməyən Samurdan götürülürdü. Digər tərəfdən, əvvəllər Ceyranbatan su anbarının təmizliyinə ciddi diqqət yetirilirdi.
Hazırda Şollar suyunun verilişi ciddi şəkildə məhdudlaşdırılıb. Yalnız Ceyranbatan suyu içirik. Amma bu anbarın təmizlik səviyyəsi əvvəlki kimi yüksək deyil.
Əlbəttə, Kür suyu da var. Onun keyfiyyətinə gəlincə isə bu çayın yuxarı axınında yerləşən Gürcüstanda onun suyunu çirkli və təhlükəli maddələrə görə ümumiyyətlə içmirlər. Baxmayaraq ki, orada su bizdəkindən qat-qat təmizdir.
Sovet dövründə Kür boyunca hər 30 kilometrdən bir suyun keyfiyyətinə nəzarət məntəqələri var idi. İndi onlar yoxdur. Köhnə qaydalar unudulub, təzələr tətbiq olunmayıb. Kür-Araz hövzəsinin sutəmizləyici stansiyaları da praktiki olaraq mövcud deyil. Bu çayların suyunda oksigenin miqdarı normada olsa da hər iki çayda fenolların və mis oksidinin miqdarı normadan 3-4 dəfə çox olur.
Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi mütəxəssislərinin apardığı analizlərin nəticələrinə görə, içməli suyun bulanıqlıq səviyyəsi hətta SSRİ dövründə qəbul olunmuş normadan iki dəfə çoxdur.
Mətbuatın yazdığına görə, Abşeron Regional Su Şirkətinin (indiki "Azərsu” ASC) strukturları suyun tərkibində mərgümüş, molibden, berillium və radionuklidlərin olub-olmamasını araşdırmaq üçün bircə dəfə də analiz aparmayıblar. Çünki bu qurum bunun üçün lazım olan reagentlərin alınmasına pul xərcləmək istəməyib!
Bəs belə çirkli sudan zəhərlənmək olarmı? Bəli, olar.
Azad İstehlakçılar Birliyinin eksperti Nəriman Ağayev hələ 2004-cü ildə adamı dəhşətə gətirən belə bir faktı açıqlamışdı: keyfiyyətsiz sudan zəhərlənmə halları ölkə üzrə bütün zəhərlənmə hallarının 20 faizini təşkil edir!
Azərbaycan Diyarşünaslıq Cəmiyyətinin sədri Aydın Eyvazov isə bu göstəricinin 50 faiz olduğunu deyirdi: "Gürcüstanda olanda orada hətta mal-qaraya da Kürün çirkli suyunu içməyə vermirlər. Amma bizdə bunu adamlara içirirlər”.
Abşeron Regional Su Şirkətinin iki müəssisəsi - "Ceyranbatan su kəməri” və "Sukanal” Elmi-Tədqiqat İstehsalat Birliyi bir vaxtlar İSO 14001 beynəlxalq keyfiyyət sertifikatı almışdılar. Ekoloji menecment məsələlərinin həlli bu müəssisələrin üzərinə qoyulmuşdu. Amma bu sertifikat onların istehsalat fəaliyyətinə verilmişdi, məhsullarına yox. "Sukanal” ETİB-nin direktoru isə müsahibəsində demişdi ki, "içməli suyun keyfiyyəti məsələsi elə də yaxın dövrdə həll olunacaq məsələ deyil”.
Bunun üstündən 10 il keçib. Abşeron Regional Su Şirkəti artıq yoxdur. Onun əsasında "Azərsu” yaradılıb. İçməli suyun keyfiyyəti məsələsi isə hələ də həll olunmamış qalır.
Bu məsələ kəndlərdə elə də ciddi deyil. Bakıda isə əksinədir. Paytaxtın su probleminin həllinə hələ də yalnız kəmiyyət prizmasından yanaşılır: bu və ya digər rayon və qəsəbəyə su xətləri çəkilir, onlara su verilir, vəssalam. Bəs keyfiyyət amilinə diqqət yetirmək növbəsi nə vaxt çatacaq?
Mütəxəssislər isə həyəcan təbili çalmaqda davam edir. Məsələn, Xəzər Dənizinin Problemləri Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov suyu xlorla təmizləmək prosesində dioksinlərin yaranmasını bir daha xatırladaraq bunun təhlükəli olduğunu deyir: "Sivil dünya xlorlama üsulundan çoxdan imtina edib və suyu ekoloji təmiz texnologiya əsasında təmizləyir”.
Halbuki indi hətta üzgüçülük hovuzlarındakı suyu da xlorlayırlar.
Doğrudur, son illər Bakıda evlərdə fərdi su filtrləri də quraşdırılır. Mağazalarda açıq satışda olan bu filtrlərin quraşdırılması asan, qiyməti ucuzdur.
Bəs bu, çıxış yoludurmu? Əlbəttə ki, yox. Bir daha xatırladaq ki, istehlakçıya çatdırılan suyun təmizlənməsi bizim milli operatorun - "Azərsu”nun vəzifəsi və borcudur. Axı içdiyimiz suya görə pulu ona ödəyirik. Bəs "Azərsu” nə edir, bizə içirdiyi suyu çirkabdan və zərərli elementlərdən təmizləyirmi?
Xloru suya ona görə əlavə edirlər ki, virus və mikroblar zərərsizləşdirilsin. Amma artıq dediyimiz kimi, xlorun özü də təhlükəsiz deyil. Bundan başqa, xətlə verilən suyun keyfiyyəti onun nə qədər cod olmasından, yəni suyun tərkibində nə qədər kalsium və maqnezium duzunun, həmçinin dəmir və digər minerallar qarışığının olmasından asılıdır. Əgər duz çoxdursa, bu, böyrəklərə ziyandır. Əgər minerallar azdırsa, orqanizm onların çatışmazlığından əziyyət çəkəcək.
Yeri gəlmişkən, suyun güclü xlorlanması da zərərli elementləri tam ldürmür, çiy su içəndə asanlıqla xəstəliyə yoluxmaq olar.
Bəs hazırda daha təhlükəsiz olan digər reagentlər varmı? Var. Ümumən ziyansız ulrtabənövşəyi təmizləmə üsulu da var. Amma bir az bahadır.
Bəs biz nə qədər qənaətcilik? Təəssüf...
Bəzi ölkələrdə evlərə çəkilən adi su, suvarma suyu, təsərrüfat məqsədləri üçün nəzərdə tutulan su, isti su xətləri ayrı-ayrı, əlahiddə olur. Hətta təmizlənmiş su xətti də ayrı olur. Bu sudan içmək və yemək hazırlamaq üçün istifadə olunur.
Yaponiyada isə içməli sudan təkrar istifadəyə imkan verən sistem əsasında yararlanmaq təcrübəsi geniş yayılıb. Belə ki, mətbəxdə, yaxud hamam otağında əlini yuduğun su unitazı yumaq üçün ayaqyolundakı xüsusi çəlləyə vurulur. Yəni sən əlini yuduğun sudan ikinci dəfə də ayaqyolunu yumaq üçün istifadə edirsən.
Ağıllı üsuldur. Nəinki Yaponiyada, hətta Rusiyanın özündə də tikinti normaları belə sistemləri tətbiq eləməyə imkan verir. Onlardan yararlanmaq lazımdır.
Bizdə, Azərbaycanda isə belə praktika yoxdur. Biz unitaza da elə içdiyimiz suyu buraxırıq. Bu isə axmaqlıqdır. Həm axmaqlıqdır, həm də su ehtiyatlarının qorunub saxlanması baxımından bədxərclik (Bizdə indi xeyli lüks evlər və dəbdəbəli villalar tikilir. Bu sistemi tətbiq etmək onların sahiblərindən heç olmasa birinin də ağlına gəlməyib).
Su içiləsi hala düşənə qədər bir neçə üsula söykənən təmizlənmə mərhələsindən, ilk növbədə filtrdən keçməlidir (su bulanıqdırsa, filtrasiya mütləq lazımdır).
Bəs bunu etməyin ən yaxşı yolu nədir?
Suala sualla cavab verək: "Azərsu” Avropada və ABŞ-da artıq 30 ildən çoxdur tətbiq edilən çoxpilləli sənaye filtrlərindən istifadə edirmi? Bu filtrlərin tətbiqi istismara nəzarət edən işçi heyətinin olmasını tələb etmir. Yəni onları işlətməyə insan qüvvəsi gərək deyil. Həmin filtrlər fasiləsiz verilən suyu fasiləsiz qaydada da təmizləyirlər. Filtrin özü isə saniyələr ərzində özü-özünü yuyub təmizləyir.
Bu qurğular çürümür, çünki onların korpusu yüksək keyfiyyətli poladdan hazırlanıb və üzünə poliester örtük çəkilib. Bu da onları hətta açıq havada da saxlamağa imkan verir. Yəni onlar üçün ayrıca bina tikməyə, xərc çəkməyə də ehtiyac yoxdur.
Bu filtrlərin gücünə gəlincə isə onların biri 100 min əhalisi olan yaşayış məntəqəsini fasiləsiz olaraq 24 saat təmiz su ilə təmin edə bilir. Həmin filtrlərin birinin qiyməti 70-80 min dollar arasında dəyişir.
Mütəxəssislər bildirir ki, "Azərsu”nun büdcəsi 1 milyard dollara yaxındır, bu isə həmin filtrləri almağa imkan verəcək məbləğdir. Ekspertlər onu da deyir ki, əgər "Azərsu”da əhaliyə təmiz su vermək arzusu olsa, bu problemi qısa müddətdə həll etmək çox asandır.
İndi sual yaranır: "Azərsu”nun rəhbər işçiləri və mütəxəssisləri belə bir metodikanın, belə filtrlərin mövcudluğundan doğrudanmı bixəbərdir? Reagentlər və işçi qüvvəsi şəklində əlavə xərclər tələb etməyən, özü-özünü təmizləyə bilən bu filtrləri alıb bütün su anbarlarında quraşdırmaq daha ucuz başa gəlməzmi? Axı əhalini təmiz su ilə təchiz etmək vəzifəsini "Azərsu”nun qarşısında birbaşa prezident özü qoyub! Və buna pullar ayırıb! Yoxsa "Azərsu”da hesab edirlər ki, bu problemi də onların əvəzinə prezident şəxsən özü həll etməlidir? Bəlkə "Azərsu”da bunu edə biləcək mütəxəssislər yoxdur? Bəlkə "Azərsu” komandasında heç kəs internetdən istifadə eləməyi bacarmır?!
Amma belə deyil. Məlumatlı mənbələrdən əldə etdiyimiz informasiyalara görə, "Azərsu” rəhbərliyi vəziyyətdən halidir. Ötən ilin sonlarında bu filtrlərin bizdə də quraşdırılması məsələsi ətrafında hətta danışıqlar da aparılıb. Bununla belə məsələ uzadılır. Niyə? Çünki bu filtrlərin alınıb gətirilməsi və quraşdırılması su təsərrüfatındakı bəzi iri məmurları, reagentlər hesabına qazanan şəxsləri bu gəlirindən məhrum edəcək. Bu isə "Azərsu”da deyəsən, çoxlarının xoşuna gəlmir...
Halbuki su həyat, təmiz su isə sağlam həyatdır. Bir insanın həyatı isə ayrı-ayrı adamların pul kisəsindən də, cibindən və qazancından da qat-qat qiymətlidir. Ən azı belə olmalıdır... /virtualaz.org/
.
