Azərbaycanda qeyri-neft ixracının artım tempi bu ilin yanvar-sentyabr aylarında 40% təşkil edib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda Bakıda təşkil olunan tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bununla yanaşı, bu ilin səkkiz ayı ərzində qeyri-neft sənayesi 18,7% artıb.

"Biz artan iqtisadi dinamikanı aktiv vergi ödəyicilərinin artımında da görürük. Belə ki, ilin doqquz ayında bu rəqəm 5% artıb", - deyə M. Cabbarov qeyd edib.

O həmçinin əlavə edib ki, qeyri-neft sektorunun xüsusi çəkisi 10 il ərzində 48%-dən 70%-də artıb.

"Qeyri-neft sektorunun inkişafının əlverişli mexanizmi sayılan sənaye zonalarında indiyədək bütün istehsal həcmi 4,3 mlrd. manatdan çox olub. Burada qoyulan toplam sərmayələrin həcmi isə 6,1 mlrd. manat təşkil edib", - deyə nazir qeyd edib.
 

.