Bu gündən Azərbaycanda regionun ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov mərkəzin yerləşdiyi Yeni Klinikaya təşkil olunmuş mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Yeni Robotik Reabilitasiya Mərkəzi 3 min 600 kvadratmetr ərazidə yerləşir:
"Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edir".
V.Qurbanov bildirib ki, müəssisədə ümumilikdə üç həkim-fizioterapevt, bir həkim-travmatoloq, dörd həkim-nevroloq, dörd təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, doqquz müalicəvi bədən tərbiyəsi (MBT) təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir:
"Mərkəzin Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travmaları, eləcə də ölkənin müxtəlif tibb müəssisələrindən reanimasiyadan sonra reabilitasiyaya ehtiyacı olan vətəndaşların stasionar müalicəsinin həyata keçirilməsi nəzərdə tutulub. Məqsədlərimizdən biri 150-200 min Azərbaycan vətəndaşının burada öz sağlamlığına qovuşmasıdır. Mərkəzdə gündəlik 500 nəfərin qəbulu planlaşdırılıb".
.
