Milli Məclisin iclasında Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı Cinayət Məcəlləsinin 114-cü maddəsinə dəyişikliklər və yeni 283-1 maddəsi təklif olunur. 114-cü maddəyə dəyişikliyə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə cəzalar 8 ildən 12 ilə qədər olacaq (Hazırda 4 ildən 8 ilə qədərdir). Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə isə cəza 9 ildən 15 ilə qədər olacaq (Hazırda 8 ildən 15 ilə qədərdir). Maddəyə edilən digər dəyişikliyə görə, muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı 5 ildən 11 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq (Hazırda 3 ildən 8 ilə qədərdir).
Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakla bağlı yeni 283-1 maddəsində göstərilir ki, Azərbaycan vətəndaşlarını və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, belə qrupa rəhbərlik etmə faktı 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə, 12 ildən 15 ilədək cəza nəzərdə tutulur. Yuxarıda nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə isə 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Layihə səsə qoyularaq qəbul olunub.
Parlamentdə Cinayət Prosessual Məcəlləsinə (CPM) dəyişikliklər də müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəllənin 215.3-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, 167-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma) və 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələr prokurorluq orqanları tərəfindən ibtidai istintaqı aparılan iş üzrə maddələr siyahısından çıxarılır. Beləliklə, artıq bu hallar üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılmayacaq.
Layihə səsə qoyularaq qəbul olunub.
İclasda "Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Layihə barədə çəlumat verən MM sədrinin 1-ci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, son vaxtlar dünyada gedən qlobal proseslər və iğtişaşlar Azərbaycana da təsir edir, bəzi məktəb və məscidlərdə, müxtəlif təşkilatlarda aqressiv dini təriqət daşıyıcılarının toplaşaraq sabit qruplar yaratması, təbliğat aparması, terrorçuluğa açıq çağırışlar səsləndirilməsi hallarına rast gəlinir: "Buna görə də sözügedən sənəddə ölkənin və dövlətin milli maraqlarına uyğun olaraq bəzi maddələrin sərtləşdirilməsi zəruridir. Bu, əsasən beynəlxalq terror fəaliyyəti, terrorçuluğun maliyyələşdirilməsi, terror aksiyaları təşkil etmə, planlaşdırma, hazırlama, əhali arasında vahimə yaratmaq, bu məqsədlə media orqanlarından, internetdən, sosial şəbəkələrdən istifadə etmə hallarını əhatə edir”.
Layihəyə əsasən, Azərbaycanda vəsaitin mənbəyindən asılı olmayaraq, hər hansı formada muzdlu yığma, onu maliyyələşdirmə və onlardan ölkə daxili və xaricində istifadə etmə halı terror faktı kimi qeydə alınacaq.
Qanunun 475, 672, 258 və 133-cü maddələrinə edilən bu əlavə və dəyişikliklərdə o da bildirilir ki, vəsaitin mənbəyindən asılı olmayaraq ödənişli muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə terror faktı kimi qiymətləndiriləcək və bu, Cinayət Məcəlləsinin terroru nəzərdə tutan müvafiq maddələri ilə cəzalandırılacaq. Layihə səsə qoyularaq qəbul olunub.
.
