Türkiyədəki "Hizmet” Hərəkatına bağlı Azərbaycandakı təhsil qurumlarının fəaliyyətində dəyişiklik yaşanmır.
Azərbaycanda bu sistemə bir universitet (Qafqaz universiteti), 11 məktəb (litsey) və 13 hazırlıq kursu daxilidir.
Keçən il dekabrın 17-də keçirilən "korrupsiya və rüşvət əməliyyatı”ndan sonra Türkiyədə rəsmi Ankara ilə "Hizmet” Hərəkatı arasında yaranan qarşıdurma davam edir. Bu qarşıdurma "Hizmet” Hərəkatına bağlı şəxs və qurumlara basqın, onların fəaliyyətlərini dayandırmağa məcbur edilməsi, vəzifələrindən kənarlaşdırılması ilə müşaiət olunur.
Türkiyədə bu qarşıdurma yarananda bununla bağlı Azərbaycanda həyəcan yaşandı. "Hizmet” Hərəkatına bağlı təhsil qurumları Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində yaradılan Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə (ABTM) tabe edildi. Bundan əlavə, qeyri-rəsmi olaraq PA-nın şöbə müdiri Elnur Aslanovun vəzifəsindən azad edilməsinin məhz "nurçu”luqla bağlı olduğu deyildi.
Ölkə mətbuatında bu mövzu geniş hallandırılmağa başladı. Amma bunu da qeyd etmək lazımdır ki, Hərəkata münasibət birmənalı deyil. Hərəkata bağlı təhsil qurumlarını bağlamağın tərəfdarları kimi, əleyhdarları da çoxdur. Belə ki, Hərəkata bağlı hazırlıq kurslarının yüksək səviyyədə biliyi aşılama üsulları, bunların ali məktəblərə qəbul imtahanlarında real müsbət nəticə verməsi bu kursların qapadılması əleyhdarlarının əsas arqumentidir. Bu hərəkatın əleyhdarları isə göstərdiyi nəticələrdən asılı olmayaraq, bu qurumların gəncləri yad "ideologiyalara” bağladığını əsas əsas gətirirlər.
Bu məsələ, hələ ki, açıq qalır. Yəni Türkiyə baş naziri Erdoğanın bu günlərdəki Bakı səfərinin əsas məsələsinin Azərbaycanda Hərəkata bağlı təhsil qurumlarının bağlanması olduğu israrla diqqətə çatdırılır. Hər halda, istər Azərbaycan, istərsə də Türkiyə mətbuatı bu səfəri ictimaiyyətə elə təqdim etmək səyləri göstərdilər.
Türkiyədə bu hazırlıq kursları (Türkiyədə bu kurslara "dershane” deyilir) Təhsil Nazirliyinə tabe edildi. Türkiyədə 3800 belə hazırlıq kursu vardı. Bu kurslar Hərəkata bağlı ikən təhsil pullu idi. Amma rəsmi Ankara onları Təhsil Nazirliynə tabe etdikdə burada təhsilin pulsuz, dövlət hesabına olduğunu bəyan etdi.
Digər tərəfdən "Hizmet” Hərəkatının rəhbəri, ABŞ-da yaşayan ünlü din xadimi Fetullah Gülen qapadılan 3800 kursdan cəmi 800-nün Hərəkata bağlı olduğunu bəyan etdi. Qalan kursların ayrı-ayrı vətəndaşlara aid olduğu açıqlaması verdi. Bununla belə, rəsmi Ankara bu kursları Təhsil Nazirliyinə tabe etdirməkdən vaz keçmədi.
Azərbaycanda isə bu mövzuda qeyri-müəyyənlik yaşanır. Yəni, bu kurs və məktəblərin gələcək taleyinə aydınlıq gəlməyib. Qeyri-rəsmi olaraq rəsmi Bakı bu kurs və məktəbləri qapatmaq fikrində deyil. Çünki, bu təhsil qurumları nəticələr baxımından ölkə təhsilində önməli yer tuturlar. Odur ki, onların qapadılması heç də rəsmi Bakının ürəyincə deyil. Digər tərəfdən, bu təhsil qurumları qapadılmadığı halda hər iki dövlət rəhbərliyi arasında soyuqluq yarana bilər. Hələlik rəsmi Bakı bu məsələdə belə dualizm yaşayır.
Qeyri-rəsmi olaraq bu məktəb və hazırlıq kurslarına getməmək barədə şagird və valideynlərə tövsiyələr verilir. Beləliklə, bu təhsil qurumlarının taleyinin necə olacağı, hələ ki, sual altındadır. Bu tövsiyələrin hansısa rəsmi qurumların iradəsi olması, yoxsa hansısa konyuktura və kommersiya maraqlarından yaranması da hələlik aydın deyil. Amma bir sıra şəxslər artıq belə göstərişlərin verilməsinə başlandığını iddia edirlər.
Azərbaycanda Hərəkata bağlı qurumlardan alınan bilgilərə görə isə, hələ ki, məktəblərə, kurslara qəbulun dayandırılması haqda onlara rəsmi və ya qeyri-rəsmi hər-hansı göstəriş və ya təzyiq olmayıb. Əlavə ediblər ki, belə davranışı heç ehtimal belə etmirlər. Bilgi verən mənbə bu məktəb, hazırlıq kursları və ali məktəblərin Azərbaycan təhisl sitemində önəmli yer tutmasına və yüksək təhsil nəticələri göstərməsinə əsaslanır. Bu il aprelin 27-də bu məktəblərə qəbul imtahanlarının başlanacağı vurğulanıb. Həm də ölkə rəhbərliyinin, Təhsil Nazirliyinin, tabeçiliyində olduqları Azərbaycan Beyənlxalq Təhsil Mərkəzinin bu məktəb, kurs və ali məktəblərə göstərdiyi təhsil nəticələrinə görə arxa olduqları nəzərə çatdırılıb.
Xatırladaq ki, F.Gelənin "Hizmet” Hərəkatı XX əsrin 80-ci illərində Türkiyədə yaranmağa başlayıb. Hərəkat dini-icitimai mahiyyətə malik az təsadüf edilən fəaliyyət formatına malikdir.
Qurum fəaliyyətini davam etdirmək üçün gəlir mənbələrinə, media holdiqnlərə, banklara, telekanallara, təhsil qurumlarına malikdir. İndiki Türkiyə iqtidarının hakimiyyətə gəlməsində də bu Hərəkatın az əmək və rolu olmayıb.
İndiki iqtidarın hakimiyyətə gəldiyi 2003-cü ildən 2013-cü il dekabrın 17-də keçirilən "korrupsiya və rüşvət əməliyyatı”na qədər iqtidarla Hərəkat arasında hər-hansı sıxıntı yaşanmayıb. Hətta F.Güenin Türkiyəyə qayıda bilməsi üçün onun barəsində qaldırlan cinayət işi ləğv edilib, qayıtmasına yasaq olan bütün maneələr aradan qaldırılıb. Amma F.Gülen Türkiyəyə qayıtmaqdan imtina edib.
Amma 2013-cü il dekabrın 17-də keçirilən əməliyyat zamanı 4 nazir və oğlanları, xeyli tanınan iş adamı, bank məmurları, hətta Erdoğan özü və ailə üzvləri korrupsiya və rüşvətdə ittiham olunublar. Bundan sonra tərəflər arasında qarşıdurma başlayıb. Belə ki, Erdoğan bütün bu əməliyyatın arxasında "Hizmet” Hərəkatı və onun rəhbərinin durduğunu iddia edib. Hətta Hərəkata "paralel dövlət” damğası vurub. Bundan sonra rəsmi Ankara ölkənin hüquq-mühafizə orqanlarında kütləvi yerdəyişmələrə, işdən çıxarılmalara rəvac verib.
.
