Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatının (INTOSAI) XXV Konqresi çərçivəsində növbəti üç il ərzində INTOSAI-ın sədri funksiyasını icra edəcək Misir Dövlət Hesabatlılıq Qurumunun Prezidenti Məhəmməd Əl-Feyzəl Yusiflə görüşüb.
Bu barədə Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, Hesablama Palatasının sədri səmimi görüşün təşkilinə görə minnətdarlığını bildirib və Konqresin beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Öz növbəsində cənab Əl-Feyzəl Yusif Azərbaycan nümayəndə heyətini salamlayaraq XXV INCOSAI-da iştiraklarına görə təşəkkürünü ifadə edib. O, INTOSAI-a sədrlik etməyin böyük məsuliyyət tələb etdiyini qeyd edərək, Misir AAO-nun rəhbərliyi dövründə aktual məsələlərdən olan süni intellektin dövlət auditində tətbiqi istiqamətinə xüsusi diqqət ayrılacağını bildirib. Həmçinin bu sahədə birgə təşəbbüslərin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Misir AAO Prezidenti rəhbərlik etdiyi Elm və Texnologiyanın Auditə Təsiri üzrə İşçi Qrupu haqqında məlumat verərək, Azərbaycan Respublikası Hesablama Palatasını həmin işçi qrupa üzv olmağa dəvət edib.
Eyni zamanda, beynəlxalq təşkilatların kənar auditoru qismində geniş təcrübəyə malik olan Misir AAO-nun, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı üzrə 2026–2027-ci illər üçün kənar auditor seçilməsi prosesində Hesablama Palatasından dəstək göstərilməsini xahiş edib.
Görüş, iki qurum arasında mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə yekunlaşıb.
.
