
Relsli nəqliyyatın yaranması ilə az qala, bütün dünyanın siması dəyişib. Dəmir yolu artıq təkcə xəritədəki iki nöqtə arasında əlaqə deyil, həm də qlobal iqtisadiyyatın bir hissəsi, texnologiyanın, sosial inkişafın vacib amilidir. Eyni fikirləri bu il 145 illiyini qeyd edən Azərbaycan Dəmir Yolları haqqında da demək olar. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları əhalinin həyatına birbaşa təsir edir, paytaxt və digər şəhər və rayonlarda ticarət və mədəni əlaqələri formalaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu 145 ilin 41 ilinə öz əməyi ilə Teymur Fərəcov da qatqı verib. Söhbət yük qatarlarının 57 yaşlı maşinistindən gedir. Bu illər ərzində dəmir yollarındakı inkişaf onun gözləri qarşısında baş verib.
“Mən ilk dəfə işə çilingər kimi başlamışam. 5 il işləyəndən sonra maşinist köməkçisi, 2000-ci ildən isə maşinist kimi fəaliyyət göstərirəm. Biz yeni başlayanda istifadə etdiyimiz qatarlar indiki dövrün qatarları ilə müqayisədə çox fərqli idi, köhnə idi. Hazırkı elektrovozlar çox müasirdir. Yüksək standartlara uyğundur. Maşinist kabinəsində yüksək şərait yaradılıb, kondisioneri, avtopilotu var. Yeni qatarların hamısının mühərrikləri sinxrondur, yanma ehtimalı yoxdur, çox rahatdır. Hazırda Böyük Kəsikdən Hacıqabuladək dəmir yolu elektrikləşdirilib. Qarşıdakı illərdə Biləcəri qəsəbəsinədək elektrikləşdirilmiş dəmir yolu xətləri çəkiləcək”, - maşinist deyir.
.