
İncəsənət ictimai şüurun formalarından biridir. İncəsənət insanın mənəvi aləminin onun həyata bədii estetik münasibətin ifadəsidir və nəhayət, incəsənət həyatın bədii əksidir. İncəsənətin müxtəlif növləri məlumdur. Məsələn, memarlıq, heykəltaraşlıq, xalçaçılıq, teatr, ədəbiyyat, kino, aktyor sənəti, musiqi və təsviri sənət.
Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri eradan əvvəl VIII minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır.
Kitab qrafikasında mühüm rol oyanayan miniatür sənətinin də tarixini nəzərə alsaq ikinci minilliyin ortalarından formalaşmağa başlayan Azərbaycan təsviri sənətində realistik rəsm ənənələrinin nisbətən yaxın tarixə söykənməsi bir qədər təəccüb doğurur. Belə ki XIX əsrin ortalarında Mirzə Qədim İrəvani və Bəhruz Kəngərlinin yaradıcılığı ilə təşəkkül tapmağa başlayan Azərbaycan realist rəsm nümunələrinin spesifikliyindən danışmaq da absurd olardı. Əksəriyyəti rus təsviri sənət məktəbini keçmiş XX əsr rəssamlarımızın da öz fərdi üslubunu tapa bilməməsini hazırda də davam edən "kopya texnikası" ilə bağlamaq daha doğru olardı.
Hər bir xalqın dünyagörüşünü- onun ətraf aləmə bədii-estetik baxışını özündə ehtiva edən maddi mədəniyyət nümunələri sırasında təsviri sənət özünəməxsus yer tutur. Bu sənət növü tarixin süzgəcindən keçərək günümüzədək gəlib çatmışdır. Təbiidir ki ,texnikanın inkişafı ilə əlaqədar olaraq nisbətən tənəzzül yaşayan sahələrdən biri olan rəsm sənəti bir qədər ikinci plana keçib desək yanılmarıq. Fotoqrafiyanın kəşfi ilə özündə daşıdığı funksiyaların bir neçəsindən məhrum olan təsviri sənətə dəstək bilavasitə aidiyyatı qurumları qayğılandırmalıdır. Bununla bağlı kütləvi sərgilər, gənc rəssamların yaradıcılıq gecələri keçirilməli, perspektiv vəd edən rəssamların axtarılıb üzə çıxarılmasında məqsədyönülü işlər aparılmalıdır. Təəssüf ki, bu sahədə aparılan işlər heç də ürəkaçan səviyyədə deyil. İstər rəssamlar ittifaqı, istər muzey və sərgi kompleksləri öz fəaliyətində rəsmilikdən kənara çıxmaqda ya çətinlik çəkir ya da ümumiyyətlə sadaladığım perspektivlərdə maraqlı deyil. Bu səbəblərdən daha çox ikincsi ağlabatandır ki, bunu da "korifey eqosu" ilə bağlamaq daha düzgün olardı.Öz köhnəfikirlililəri ilə çəkdikləri rəsmə abstrakt üslub adı verib yaradıcılıqlarının çatışmayan nüanslarını sığortalayan əməkdar və ya xalq "təxəllüslü" bəzi rəssamlar bir qədər irəli gedərək hətta sənətşünaslıq sevdasına düşüb özlərindən yeni təsviri sənət terminləri icad etməklə böyük perspektiv vəd edən və gələcəyə qəlblərindəki işıqlı ümid qığılcımları ilə yanaşan rəssamların motivasiyasını əllərindən alırlar.
Bu yaxınlarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Rəssamlıq fakültəsinin II kursunda oxuyan olduqca perspektivli fırça ustası, Aysel Hüseynovanın nəcib duyğularla müxtəlif texnikada, kağız və kətan üzərinə köçürülmüş əsərlərinə formalaşmaqda olan sənətşünas kimi nəzər saldım. Əslən Qarabağdan olan 20 yaşlı gənc rəssam istər çoxfiqurlu kompozisiyalarını, istər müxtəlif qəbildən olan portretlərini, istərsə də natürmortlarını necə şövqlə, parlaq boyalarla təsvir etmişdisə saatlarla onun tablolarına baxmaqdan doymadım. Ancaq onun bu işlərinə münasibətdə adını çəkmək istəmədiyim tanınmış rəssamın həddən artıq sərt, bir növ buxovlayıcı mövqeyinin olduğunu eşitdikdə öz fikirlərimin həqiqətə söykənməsinə bir daha əmin oldum. Çəkdikləri rəsmlərlə nəinki brend sayılan ünlü dünya muzeylərinə, heç qonşu Rusiyanın əyalət muzeylərinə yol tapa bilməyən sovet dövrünün burulğanında ad-san qazanmış bu tip rəssamların məqsədi qaranlıq olduğu qədər də aydındır. Hər halda onlara əlavə yük ola biləcək gənc nəsillə rəqabət niyə lazım olsun ki ?! Bəyəm xudbin eqozimlə əhatə olunan bəşəriyyət üçün altruizm utopiya deyilmi ?!
Sahib Əsədbəyli
.