
Sentyabrın 19-da Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Hacı Zeynalabdin qəsəbəsinin bir qrup sakini ilə görüş keçirib.
Görüş zamanı deputat seçicilərin müraciətlərini dinləyib, onların gündəlik həyatında üzləşdikləri çətinliklərlə maraqlanıb və qaldırılan problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıb. Sakinlərin əsasən mənzil, torpaq və sosial məsələlərlə bağlı müraciət etdiyi diqqətə çatdırılıb.
Deputat bildirib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və aidiyyəti dövlət qurumları ilə müvafiq əlaqələndirmə aparılaraq həllinə çalışılacaq. O, vətəndaşların problemlərinin həlli istiqamətində ardıcıl iş aparmağın başlıca vəzifələrdən biri olduğunu vurğulayıb.
Qeyd olunub ki, Elnarə Akimova Milli Məclisə seçildiyi gündən etibarən seçicilərlə daimi təmasda olur, onların müraciətlərinə həssaslıqla yanaşır, qaldırılan məsələlərin həlli üçün mütəmadi olaraq dövlət qurumları ilə əməkdaşlıq edir. Deputatın sözlərinə görə, seçicilərlə mütəmadi görüşlərin keçirilməsi həm problemlərin həllinə praktiki töhfə verir, həm də vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Görüşün sonunda sakinlər göstərilən diqqət və qayğıya görə deputata təşəkkürünü bildirib, belə müzakirələrin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar. Bundan başqa millət vili həmçinin 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız - Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Mirzəyev Cavid Azər oğlunun anım günü ilə əlaqədar ailəsini ziyarət edib.
Bu barədə o, sosial şəbəkədəki paylaşımında qeyd edib: “Bu balaca gözəllik də şəhidimizin oğludur. Adı da Cavid Paşadır! Ata olacağı xəbərini öyrənəndən iki gün sonra Cavid Mirzəyev şəhidlik zirvəsinə ucalıb. Üzünü belə görməyəcəyi körpəsi mavi səma altında rahat yaşasın, bizlər yaşayaq deyə canını vətənə nisar edib.
Cavid Mirzəyev Bakı Slavyan Universitetində ali təhsilə yiyələnib. Ali təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “zabit hazırlığı” kurslarını bitirib, “leytenant” hərbi rütbəsi ilə xidmətini davam etdirib.
44 günlük Vətən Müharibəsində qəhrəmanlıqla iştirak edib, Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Aparılan döyüş əməliyyatlarında şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Təəssüf ki, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatları zamanı ölümdən yayına bilməyib. Bu gün Azərbaycanın Suverenlik günüdür. Bu yurdun azadlığını, ayağımızı basdığımız vətən torpağının hər qarışını canı bahasına bizə qazandıran bütün igid oğullarımıza Allah rəhmət eləsin!”.
.