Azərbaycan Prezidenti: “Ermənilər atəşkəsdən sonra üç dəfə Hadruta hücum etdilər, üç dəfə də məğlub oldular”

“Bu, onların taktikasıdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

İlham Əliyev bildirib ki, atəşkəsi istəyən Ermənistan olub: “Onlar görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər, onlar atəşkəs üçün müraciət etdilər və bizə də belə bir müraciət gəldi. Bildiyiniz kimi, Rusiya bu missiyanı öz üzərinə götürmüşdü. Biz də dedik ki, humanitar məqsədlər, əsirlərin dəyişdirilməsi, cəsədlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər, amma eyni zamanda Moskva açıqlamasında bu göstərildi ki, mahiyyət üzrə müzakirələr bərpa edilməlidir. Eyni zamanda müzakirələrin formatı da dəyişməz qalmalıdır. ancaq görünür ki, onlar bu atəşkəsdən istifadə etmək istəyiblər. Atəşkəsdən  bir gün keçməmiş Gəncəyə bu xain hücumu təşkil etdilər. Ondan sonra digər bizim şəhərlərimizi vurmağa başladılar. Və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu bunların taktikasıdır. Onlara bu atəşkəs görünür ona görə lazım idi ki, öz qüvvələrini toplasınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin. Çünki bu atəşkəsdən sonra onlar 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər. Üç dəfə ora hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə, öz işğalçılıq siyasətini davam etdirməkdir”.

Prezident: “Görəndə ki, Azərbaycan Ordusu qarşısında acizdirlər, yenə də mülki vətəndaşları hədəf aldılar”

“Bu erməni faşizminin növbəti təzahürüdür”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki insanlara atəş açırlar: “Bunu biz I Qarabağ savaşında da gördük. Zatən Xocalı soyqırımını törədən həmin bizim mənfur qonşularımızdır. Bu dəfə də görəndə ki, döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəf aldılar. Namərd hücumlar nəticəsində bizim insanlarımız həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda həlak oldu. Qəbiristanlıq insanların dəfn mərasimində iştirak etdiyi yerdir, hər bir insan üçün müqəddəs yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir və bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir daha onu göstərir ki, bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini sındıra, qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə davam edəcəyik”.

.