“1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradıldı. Minsk Qrupunun fəaliyyəti göz qabağındadır”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Minsk Qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər: “Faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və 3 ölkə bu məsələ ilə məşğul olmağa başlayıb. Amma bunun nəticəsi oldumu? Olmadı, bizim üçün olmadı! Ermənistan üçün oldu. Elə Ermənistan bu nəticəni istəyirdi. İstəyirdi ki, daima danışıqlar getsin, daima bizim başımızı aldatsınlar. Dondurulsun bu məsələ, əbədi əsarət altında qalsın bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız! Bəs nədir Minsk Qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım ki, əgər məsələnin həllini görmək istəyirsinizsə, Ermənistana sanksiyalar tətbiq edin, sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə də bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların mövqeləri üst-üstə düşür. O da maraqlı məsələdir. Nə təhər olur ki, bütün başqa məsələlərdə - nüvə silahları məsələsi, Yaxın Şərqdə vəziyyət, Asiyada, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı məsələdə bunların maraqları üst-üstə düşür? Heç birində, ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi qane edir. Təbii ki, bu ölkələri və ilk növbədə Ermənistanı qane edir”.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan işğal altındakı torpaqlarda qanunsuz məskunlaşma aparır: “Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Onlara bir söz deyən yoxdur ki, niyə qanunsuz məskunlaşdırma aparırsan, özü də bunu nümayiş etdirirsən, ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada? Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam et, gətir, nə qədər istəyisən, gətir, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil! Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər”.

İlham Əliyev: “Atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyət qalacaqsa, bu bizi qane edə bilməz”

“Ayın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi və mənim mövqeyim elə idi ki, bu humanitar xarakter daşımalıdır və həlak olanlarının meyitlərinin, cəsədlərinin dəyişdirilməsi, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, ancaq Ermənistan bir gün keçməmiş atəşkəsi kobudcasına pozub: “Özü də namərd şəkildə. Gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra 17 oktyabrda yeni atəşkəs qüvvəyə mindi. Yenə də 2 dəqiqədən sonra Ermənistan bunu pozdu. İndi bu gün səhər saat 08:00-dan yeni təklif verildi. Ancaq səhər 09:00-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı. Ancaq yenə də mən hələ ki, göstəriş vermişəm ki, Azərbaycan Ordusu təmkinlə özünü aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır. Ya hərb yolu ilə, ya sülh yolu ilə. Və mən təklif etmişəm ki, əgər istəyirsinizsə, sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir. Neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan. Cədvəl verilməlidir. Ermənistan bu cədvəli verib? Verməyib. Onda belə olan halda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyət qalacaqsa, bu bizi qane edə bilməz”. 
 

.