
Azərbaycan idmançıları Braziliyanın San-Paulu şəhərində keçirilmiş MMA üzrə dünya çempionatında tarixi uğura imza atıblar.
Bu barədə yeniyetmələrdən ibarət millinin baş məşqçisi Natiq Quliyev məlumat verib.
O, təmsilçilərimizin ilk dəfə beynəlxalq turnirdə rekord sayda - 8 medal qazandıqlarını söyləyib:
“Braziliyada təşkil olunan yarış gözlədiyimizdən də yüksək səviyyədə keçdi. Azərbaycan tarixində ilk dəfə MMA döyüşçülərimiz 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazandılar. İndiyə qədər belə nəticə olmamışdı. Uşaqlar çox gözəl vuruşdular. Döyüşlər çox çətin, ağır keçdi. İdmançıların hər biri tapşırıqları yerinə yetirdilər. İdman naziri Fərid Qayıbova, həmçinin Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərova təşəkkür edirik ki, bizə belə şərait yaradıblar. Braziliyada Azərbaycan bayrağını üç dəfə qaldırıb, himnimizin səsləndirilməsinə nail olduq".
Baş məşqçi qarşıdakı planlar barədə danışıb:
“Bizə təqdim olunan planla davam edirik. Sentyabr-oktyabr aylarında beynəlxalq yarışlar gözlənilir. Həmçinin Avropa çempionatı var. Rəhbərliklə müzakirələr aparıb təlim-məşq toplanışlarının vaxtını müəyyənləşdirəcəyik”.
Qeyd edək ki, U-18 yaş qrupunda Adil Abuzərov (61,2 kq) qızıl, Məhəmməd Niftullayev (65,8 kq) gümüş medal qazanıb. U-21 kateqoriyasında Elvin Qurbanov (56,7 kq), Əli Şərifov (74,9 kq) və Miramin Mirheydərzadə (70,3 kq) gümüş medala sahib çıxıb. Böyüklər arasında Sərdar Sərdarlı (65,8 kq) və Nihad Quliyev (74,9 kq) qızıl, Tofiq Niftəliyev (120,2 kq) isə bürünc medal əldə edib.
.