Azərbaycan 7-9 apreldə Belarusun paytaxtı Minskdə keçirilən "Travel HUB Commonwealth" beynəlxalq turizm forumunda təmsil olunub.
Yenizaman bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Forum Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən olan turizm qurumlarını, sənaye üzvlərini və ekspertləri bir araya gətirərək regional turizmin inkişafına təsir edən əsas meyllər və imkanların müzakirəsi üçün platforma rolunu oynayıb.
Agentliyin sədrinin müşaviri Kənan Quluzadə və ATB-nin Rusiyadakı rəsmi nümayəndəliyinin direktoru Cəlal İsmayılovun iştirakı ilə qastro və aqroturizm, eləcə də aktiv və ekoloji turizm mövzularına həsr olunmuş panel müzakirələrinə qatılıb. Bu çərçivədə "Qastronomik brendlər turizm məkanının tanıtım aləti kimi", "Aqroturizm" və "Aktiv və ekoloji turizm" mövzularında dəyirmi masalar təşkil edilib.
Müzakirələr zamanı ölkənin turizm potensialı nümayiş etdirilərək ilboyu cəlbedici turizm istiqaməti kimi artan populyarlığı vurğulanıb. Təqdimatlarda ölkənin zəngin kulinariya irsi, aqroturizm imkanları və təbiət əsaslı səyahət təcrübələri ön plana çıxarılıb. Xüsusilə regional qastronomiya, şərab marşrutları və dağlıq ərazilərdə açıq hava fəaliyyətləri diqqət mərkəzində olub.
Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Milli Turizm Agentliyinin rəhbəri Kirill Maşarski ilə görüş keçirib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı turist axınının artırılması və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətləri müzakirə olunub.
Tədbir çərçivəsində, həmçinin Belarusun aparıcı turoperatorları ilə görüşlər keçirilib, iki ölkə arasında turizm mübadiləsinin inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.
.
