Mövcud olmayan uşağa dair qanunsuz şəhadətnamə və şəxsiyyət vəsiqəsi düzəltməkdə şübhəli bilinən Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin əməlləri ilə bağlı araşdırma aparılıb.
Bu barədə Astara Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, araşdırma zamanı həmin mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam etdirilir.
.