"Dövlət Neft Şirkətinin tabeliyindəki Muradxanlı İriləşdirilmiş Neft Mədəninin ətraf mühitə təsiri nəticəsində İmişli rayonunun Ağamalılar və Məmmədli kəndləri çirklənməyə məruz qalır. Lakin mədənin vurduğu zərəri müəyyənləşdirmək üçün monitorinq keçirilməsinə icazə verilmir”.
Bunu virtualaz.org saytına açıqlamasında Vətəndaş Nəzarəti Şəbəkəsinin (VNŞ) üzvü Emil Məmmədov bildirib.
Ekspert dedi ki, mədən rəhbərliyi sosial öhdəliyi yerinə yetirməkdən imtina edir: "Mədən rəhbərliyinə müraciət edərək ətraf mühitə, yol infrastrukturuna vurduğu zərərin qiymətləndirilməsi üçün monitorinq keçirmək istədiyimizi dedik. Lakin həm şirkət, həm də mədən rəhbərliyinə ünvanladığımız müraciətdə vətəndaş cəmiyyəti ilə əməkdaşlığa ehtiyac görmədiklərini bildirdilər. Halbuki "İçtimai iştirakçılıq haqqında” qanun var. Bundan əlavə, Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına qoşulub”.
VNŞ "Hasilat sənayesinin təsirlərinə məruz qalan ərazilərdə vətəndaş nəzarəti mexanizmlərinin yaradılması” layihəsi çərçivəsində hasilat sənayesinin təsirlərinə məruz qalmış Salyan, Hacıqabul, Neftçala, Daşkəsən, Gədəbəy, Şirvan, Bakı və Bakıətrafı qəsəbələrdə ətrafa, sosial mühitə olan təsirlərin azaldılması istiqamətində tədqiqatlar aparılıb: "BP-Azerbaijan”, "Salyan Oil”, "Şirvan Oil”, "Karasu Oil”, ABMƏŞ kimi hasilat sənayesi şirkətləri vətəndaş cəmiyyəti ilə əməkdaşlıqdan imtina etməyib. Çünki xarici neft şirkətləri vətəndaş nəzarətinin qanunla tənzimləndiyini bilirlər. Amma ARDNŞ-in müəssisələri bunu təmin etmir”.
E.Məmmədov qeyd etdi ki, nefti tükənmiş Ağamalılar və Məmmədli kəndlərində vəziyyət dəyişməyib: "Ağamalılar kəndinin ərazisində 10 neft quyusu qazılıb. Hər quyuya görə 1,5 hektar torpaq sahəsi ayrılıb. Hazırda kənd ərazisindəki quyulardan heç biri istismar edilmir. Lakin yerli əhalinin "Allahverdi buruğu” və "Cəlil buruğu” adlandırdıqları quyulardakı quyuağzı avadanlıqdan sızmalar var. Həmin quyuların ətrafında səmt qazının iyi duyulur. Adıçəkilən hər iki quyunun vaxtilə yeri dəyişdirilib, lakin əvvəlki quyu yerləri olmuş torpaqlar təmizlənməyib. "Allahverdi buruğu”nun ətrafında yaranmış mazut gölməçəsinin üstü yulğun ağacları ilə örtülüb. Yaxınlıqda yaşayan sakinlər bildirir ki, mühafizə səddi olmadığından nəzarətsiz qalan mal-qara bu gölməçəyə düşür və batıb qalır.
Ağamalılarla Məmmədli kəndini birləşdirən yol bərbad vəziyyətdə olduğundan əhali bazara, xəstəxanaya gediş-gəliş üçün Kür çayını keçməklə 18 km aralıda yerləşən Zərdab şəhərinə üz tutur. Çaydan avtomobilləri bərə, adamları isə qayıq keçirir, sakinlər buna görə isə haqq ödəyirlər. Kəndə telefon xətti və qaz boruları çəkilməyib. Kənd sakinlərinin əsas toplantı yerlərindən biri torpaq kərpicdən tikilmiş çayxanadır. Kəndlərdə qalanların bəziləri "çamadan ovqatı”nda gün keçirdiklərini deyirlər, yəni onlar kənddən köçəcəkləri günü gözləyirlər”.
.
