Bu gün ölkənin aparıcı media orqanlarından olan "Azəri-Press" Agentliyinin (APA) yaranmasından 16 il keçir.

2004-cü il noyabrın 16-da fəaliyyətə başlayan APA qısa müddətdə ölkənin media sahəsində operativliyi və dəqiqliyi ilə seçildi. Ölkə mediasında xüsusi çəkiyə malik olan xəbər agentliyi media bazarında inkişaf xəttini davam etdirir.

Agentlik hazırda Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.

Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA dünyanın müxtəlif ölkələrinin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir, əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən informasiya mübadiləsi aparır.

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İran-da ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər.

"Yeni zaman-Novoye vremya" qəzeti və saytları adından APA ailəsini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

.