Hazırda dünyada bir milyard insanın yaşadığı qeyri-formal yaşayış məntəqələrində suya çıxış problemi qalmaqdadır.
Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Su Konfransı: Şəhər Mənzil Sektorunun İnkişaf Yol Xəritəsi" adlı tədbirdə deyib.
Bildirilib ki, mənzil və əsas xidmətlərə çıxış təşkilatın strateji prioritetlərindən biridir: "Bir milyard insanın yaşadığı gecəqondu və qeyri-formal yaşayış məntəqələrində suya çıxışın təmin olunması əsas prioritetlərdəndir. Su təminatı ilə bağlı problemlərin həlli üçün həm şəhərsalma, həm də sosial mənzil siyasəti paralel şəkildə həyata keçirilməlidir".
O əlavə edib ki, urbanizasiya su ehtiyatlarına ciddi təzyiq yaradır: "Şəhərlər əhali artımından daha sürətli şəkildə ərazi baxımından genişlənir və bu da təbii resursların azalmasına səbəb olur. Urbanizasiya və şəhərsalma təbiətlə sinxron şəkildə inkişaf etmir. Bu isə su ehtiyatları da daxil olmaqla təbii resurslara böyük təzyiq yaradır. Davamlı şəhərsalma və düzgün torpaq siyasəti su təhlükəsizliyinin qorunması baxımından mühüm rol oynayır".
.
