Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə ətraflı məlumat verib.
Bölgədə nüvə təhlükəsizliyinin gücləndirilməsi məsələsinə də toxunan Z.Həsənov vurğulayıb ki, bu, təkcə region üçün deyil, həm də dünya üçün ciddi bir problemdir.
Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrdən danışan Z. Həsənov qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən ABŞ-ın Nəqliyyat komandanı da ölkələrimiz arasında səmərəli hərbi əməkdaşlığı yüksək qiymətləndirib.
Tərəflər ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də müzakirə ediblər.

"Dağlıq Qarabağ çox mürəkkəb münaqişədir və biz başa düşürük ki, buna görə münaqişənin dinc və sülh yolu ilə həlli asan olmur".
Bunu ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyu (Darren McDew) Bakıda keçirdiyi brifinqdə deyib.
D. Makdyu ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilən sülh danışıqlarına münasibətini də bildirib. "Düşünürəm ki, münaqişə tərəfləri bir araya gələrək məsələləri müzakirə etdikləri, ümumi məxrəcə gəldikləri halda, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına öz dəstəyini verəcək", - deyə D. Makdyu bildirib.
.