Məlumat üçün bildiririk ki, cari ilin 13 dekabr tarixində Aktau şəhərinin hakimi (meri) Qalımjan Niyazov ilə Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov arasında görüş keçirilmişdir. Görüşdə Q.Niyazov Aktau şəhərinin yaranmasının 55 illiyi ilə bağlı şəhərin və Manqistau vilayət rəhbərliyinin çox saylı tədbirlər keçiridiyi, şəhərin ictimai-siyasi və mədəni həyatında aktiv fəaliyyət göstərən şəxslər üçün Aktau şəhərin 55 illik yubiley medalının təsis edildiyi haqqında məlumat verdi. O, Aktau şəhərində bir sıra ökələrin diplomatik nümayəndəliklərinin – konsulluqlarının olduğunu vurğulayaraq, ölkəsinin həmin ölkələrlə münasibətlərinin möhkəmlənməsində, xüsusi ilə Manqistau vilayəti və Aktau şəhəri ilə həmin ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlər göstərdiklərini xüsusi qeyd etdi. Şəhərin hakimi Qazaxıstan Respublikasının müstəqillik günü ərəfəsində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulunun son illərdə Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi, mədəniyyət, nəqliyyat sahələrində əlaqələrin möhkəmlənməsində, Baş konsulluğun Aktau şəhərinin ictimai-siyasi və mədəni həyatında göstərdiyi fəaliyyətə görə, Baş konsulluğunun rəhbəri Elxan Zeynalovun Aktau şəhərin 55 illik yubiley medalı ilə təltif edilməsi haqqında qərar verdiyini bildirdi.
Baş konsulluğunun rəhbəri Elxan Zeynalov öz növbəsində müstəqillik illərində Prezidenti cənab Nursultan Nazarbayevin rəhbərliyi ilə Qazaxıstan Respublikasının əldə etdiyi nailiyyətlə sevindiyini bildirərək, dövlət müstəqilliyi münasibəti ilə Aktau şəhərində yaşayan azərbaycanlılar adından dost, qardaş Qazaxıstan xalqını təbrik etdi. İki ölkə arasındakı əlaqələr haqqında söhbət açaraq diplomat, son illərdə Azərbaycan və Qazaxıstan Prezidentlərinin qarşıya qoyduqları vəzifə və tapşırıqların həyata keçirilməsi, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə çalışdığını bildirərək, Manqistau vilayət və Aktau şəhər hakimiyyətlərinin ona verdiyi qiymətə görə təşəkkürünü bildirdi.
Sonda Aktau şəhərinin hakimi Q.Niyazov tərəfindən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri E.Zeynalova Aktau şəhərin 55 illik yubiley medalı və şəhər haqqında kitab təqdim olundu.





.