
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanadada keçiriləcək G7 görüşündə Rusiya neftinin qiymət tavanının aşağı salınmasına nail olmaq niyyətində olduğunu bildirib.
Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında bəyan edib.
"Komandalarımız, əlbəttə ki, G7 çərçivəsində xüsusilə ABŞ nümayəndələri ilə təmasdadır. Biz bu sanksiyalar vasitəsilə Rusiyanı danışıqlar masasına oturtmağa, davamlı sülhə nail olmaq üçün bu danışıqlara ciddi yanaşmağa məcbur etmək məqsədinə son dərəcə sadiqik. Bu, ümumi məqsəddir", - o bildirib.
Avropa Komissiyasının sədri həmçinin təsdiqləyib ki, planlaşdırılan 18-ci sanksiya paketi neftin qiymət həddinin 60 dollardan 45 dollara endirilməsini və "Şimal axını" qaz kəmərlərindən istifadənin qadağan edilməsini nəzərdə tutacaq.
Gözləntilərin əksinə olaraq, Rusiyanın atom sənayesi və atom ixracına qarşı sanksiyalar yeni məhdudlaşdırıcı tədbirlər paketinin layihəsinə daxil edilməyib.
Daha əvvəl Brüsseldəki mənbələr iddia edirdilər ki, Aİ-nin yeni sanksiyalar paketinə Rusiyanın neft və atom enerjisi sektorlarına qarşı tədbirlər daxil ediləcək.
.