Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tərəflər bölgədə mövcud olan son vəziyyət, tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar üçtərəfli bəyanatın imzalanması, o cümlədən BMT TŞ qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xarakterli mübadilələrin həyata keçirilməsi, eləcə də yeni kommunikasiya xəttlərinin inşası da daxil olmaqla, bütün kommunikasiyaların açılması kimi məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.

Ali nümayəndə Cozef Borel 10 noyabrda Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidenti tərəfindən üçtərəfli bəyanatın imzalanmasını müsbət qiymətləndirib. O, razılaşmaya hörmətlə yanaşılmasının və onun icrasının təmin edilməsinin vacibliyini qeyd edib. Cozef Borel tərəflər arasında dialoqun davam etməsinin zəruriliyini vurğulayıb.
 

.