
Avropa İttifaqı (Aİ) Şurasının iclası ərəfəsində ittifaqın ayrı-ayrı ölkələrinin liderləri Aİ-yə üzvlüklə bağlı birinci danışıqlar klasterinin başlanması mümkünlüyü barədə bir-birinə əks fikirlər səsləndiriblər.
Macarıstanın Baş naziri Viktor Orban qəti şəkildə bildirib ki, Macarıstan bunu dəstəkləmir və bu məsələdə onun fikrini nəzərə almamaq mümkün deyil, çünki qərar bütün 27 ölkənin razılığını tələb edir.
V.Orbanın sözlərinə görə, o, hazırkı mərhələdə Ukraynanın üzvlüyünə qarşı çıxan iki milyondan çox macarın adından danışır. "İki milyondan çox macar Ukraynanın Aİ-yə qoşulmasını dəstəkləmir", - o, jurnalistlərə bildirib və əlavə edib ki, indiki vəziyyətdə bu, müharibənin Aİ-yə gəlməsi demək olardı ki, bu da yolverilməzdir.
Bunun əksinə olaraq, Litva Prezidenti Gintaras Nauseda bildirib ki, ölkələrə, indiki halda isə Moldova və Ukraynaya fərqli yanaşmalar tətbiq etmək olmaz.
"Biz Moldova ilə bərabər Ukrayna üçün də birinci danışıqlar klasterinin açılmasını dəstəkləməliyik. Hər iki ölkə çoxlu islahatlar aparır və bunu kifayət qədər yaxşı edir. İlin sonuna qədər biz qalan altı danışıqlar klasterini də açmalıyıq. Düşünürəm ki, xüsusilə "Ukraynanın 2030-cu il yanvarın 1-dək Aİ-yə qəbul edilməsi" kimi iddialı siyasi hədəflər qoymaq məhsuldardır", - G.Nauseda deyib. "Bu çətin olsa da, yaxşı motivasiyadır", - o vurğulayıb.
.